Dünyada hər il milyonlarla ton ərzaq tullantıya çevrilir. Mütəxəssislər bildirirlər ki, qida israfının böyük hissəsi məhz ev təsərrüfatlarında baş verir və bir çox məhsul istifadə edilmədən zibilliyə atılır.
Foodinfo.az xarici mənbələrə istinadla xəbər verir ki, aparılan araşdırmalarda meyvə və tərəvəzlərin ən çox israf olunan məhsullar sırasında yer aldığı müəyyən edilib. Xüsusilə banan, alma, kahı, pomidor və müxtəlif göyərtilər vaxtında istifadə olunmadıqda tez xarab olur.
Ekspertlərin sözlərinə görə, çörək də tullantıya çevrilən əsas məhsullardan biridir. Bir çox ailələr ehtiyacdan artıq çörək aldığı üçün onun bir hissəsi istifadəsiz qalır. Süd məhsulları və hazır yeməklər də siyahıda ön sıralarda yer alır.
Mütəxəssislər hesab edirlər ki, qida israfının əsas səbəblərindən biri alış-verişin plansız aparılmasıdır. İnsanlar ehtiyaclarından artıq məhsul aldıqları zaman onların bir hissəsini istifadə etməyə imkan tapmırlar.
Araşdırma müəllifləri bildirirlər ki, qida tullantılarının azaldılması həm ailə büdcəsinə qənaət etməyə, həm də ətraf mühitə düşən yükü azaltmağa kömək edə bilər. Bunun üçün məhsulların düzgün saxlanılması və alış-veriş siyahısından istifadə edilməsi tövsiyə olunur.






