BMT-nin iki qurumu - Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatının qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti üzrə proqram həyata keçirildi. Həmin qiymətləndirmə dünyada cəmi 30 ölkədə, o cümlədən Azərbaycanda başa çatdırıldı. Azərbaycan regionda belə bir qiymətləndirmənin aparıldığı ilk ölkədir. Bu, BMT-nin ekspertləri tərəfindən vahid və şəffaf şəkildə həyata keçirilən bir alətdir. Burada Azərbaycan əsasən 4 meyar, 9 alt meyar, 25 xüsusi səriştəlilik göstəricisinə əsaslanan 162 kateqoriyaya görə qiymətləndirilib. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan qida təhlükəsizliyi sisteminin bütün 25 kateqoriya üzrə yüksək qiymətləndirildiyi çox nadir ölkələrdən biridir. Burada ölkəmiz 5 kateqoriya üzrə ümumiyyətlə mükəmməl qiymətlər alıb. Digər sahələr üzrə isə gələcəkdə qida təhlükəsizliyi sahəsində hansı addımların atılmasının vacibliyinə diqqət çəkən tövsiyələr verilib.
Bunu AZƏRTAC-a eksklüziv müsahibəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
AQTA-nın sədri bildirib ki, qiymətləndirmələr ölkə başçısının bu sahədə apardığı islahatların çox mükəmməl və işlək olduğunu üzə çıxarıb: “Bu da ondan qaynaqlanır ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə multi tipli nəzarət sistemindən vahid nəzarət sisteminə keçilib. Bugünkü qiymətləndirmədə yüksək nəticələrin əldə olunmasına səbəb bilavasitə həmin islahatın həyata keçirilməsidir”.
Q.Təhməzlinin sözlərinə görə, “Qırmızı körpü” idxal karantin məntəqəsinin yaradılması yüksək qiymətləndirilib və bu cür idxal karantin məntəqələrinin Azərbaycanın digər sərhəd-keçid məntəqələrində də yaradılması tövsiyə olunub. Eyni zamanda, BMT ekspertləri tərəfindən inspeksiyaların həyata keçirilməsi ilə əlaqədar tövsiyələr verilib. Qəfil inspeksiyalar aparılması, yəni növbədənkənar yoxlamaların həyata keçirilməsi məsləhət görülüb. Çünki hazırda planlı yoxlamalar zamanı sahibkarlar öncədən yoxlama aparılacağına dair məlumatlı olurlar. Lakin qəfil və növbədənkənar yoxlamalar aparılarsa, bu, qida təhlükəsizliyi sistemində daha effektiv nəzarət sisteminə gətirib çıxara bilər.
“Verilən tövsiyələr arasında kadrların yetişdirilməsi ilə məsələsi də yer alıb. Kadrların beynəlxalq standartlara uyğun yetişdirilməsi istiqamətində də müxtəlif tövsiyələr əldə olundu. Ekspertlər hətta təəccüblərini gizlətmirdilər ki, qısa zaman kəsiyində Azərbaycanda qida təhlükəsizliyi sistemində çox mükəmməl və işlək bir sistem yaradılıb. BMT-nin verdiyi tövsiyələri gələcəkdə də biz müvafiq qurumlarla bir yerdə icra etməyə davam edəcəyik. Düşünürəm ki, həmkarlarımızla qida təhlükəsizliyi sahəsində əməkdaşlığımızı ən yüksək səviyyədə davam etdirməliyik ki, Prezident İlham Əliyevin imzaladığı Dövlət Proqramında yer almış bütün məsələlərin həyata keçirilməsi mümkün olsun”, - deyə Q.Təhməzli qeyd edib.