Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dünyada trans yağ turşularının aradan qaldırılmasına dair illik hesabatı ilə bağlı mediada yayılan məlumatlara aydınlıq gətirib.
Belə ki, ÜST-nin hesabatında 133 ölkə trans yağ turşularının aradan qaldırılması istiqamətində gördükləri tədbirlərin növünə görə 4 səviyyə üzrə qruplaşdırılıb. Azərbaycan Respublikası hesabatda trans yağ turşularının aradan qaldırılması üçün strateji sənədlərdə üzərinə götürdüyü öhdəliklərin və digər tamamlayıcı tədbirlərin icrası baxımından 2-ci səviyyədə qərarlaşıb. Sənəddə əksini tapan başqa bir indikator isə ürək damar xəstəliklərindən baş verən ölüm hadisələrində məhz trans yağ turşularının payı ilə bağlıdır.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, hesabatdakı göstərici ölkədə trans yağ turşularının istehlakı səbəbindən baş verən ölüm hadisələrinin ümumi sayını deyil, əksinə ürək-damar xəstəlikləri ilə əlaqədar yaranan ölüm hadisələrinin neçə faizinin trans yağ turşuları səbəbindən baş verdiyini göstərir. Hesabatdan görünür ki, bu göstərici dünyanın sosial-iqtisadi baxımdan ən geridə qalmış hesab edilən bir çox ölkəsində daha aşağı, Amerika Birləşmiş Ştatları və Latviyada Azərbaycan üzrə göstəricidən daha yüksək, Kanadada isə demək olar ki, eyni səviyyədədir. Nəticə olaraq, bu, hər hansı formada ölkənin statusu ilə bağlı mənfi və yaxud müsbət fikrin yaranmasına əsas verməyən, sadəcə olaraq, trans yağ turşuları ilə bağlı olan ölüm sayının ürək damar xəstəlikləri arasında payını faizlə ifadə edən bir göstəricidir.
Qeyd edək ki, bu təxmini hesablamalar müəyyən dövriliklə yayımlanır və xəstəliklərin qlobal yükü deyilən, dünyada səhiyyənin ümumi vəziyyətini təsvir və təxmin etməyə imkan verən məlumat bazaları əsasında hazırlanır. Sonuncu hesabat 2019-cu ildə yayımlanıb və bəhs edilən bütün göstəricilər həmin ilə aiddir. Elə həmin ildə AQTA ölkədə trans yağ turşularına dair vəziyyəti qiymətləndirmək üçün monitorinq həyata keçirib. Nəticələrə uyğun olaraq, sahibkarlıq subyektlərinə ölkəmizdə trans yağ turşularının miqdarının 2 faiz həddində müəyyənləşdiriləcəyi, həmçinin onların istehsal və ya idxal etdikləri məhsulların bu tələblərə uyğunlaşdırılması ilə bağlı xəbərdarlıq edilib. 2021-ci ildə isə yağlarda trans yağ turşularının tənzimlənməsi ilə bağlı texniki normativ hüquqi akt layihəsi ictimai müzakirəyə buraxılıb. 2022-ci ildə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən “Qida məhsullarında trans yağ turşularına dair risk qiymətləndirilməsi” həyata keçirilib. Aparılan ilk monitorinqdən sonra vəziyyətin qiymətləndirilməsi ilə bağlı mütəmadi nəzarət tədbirlərinə əlavə olaraq, 20-23 dekabr 2022-ci il tarixlərində keçirilən son monitorinq çərçivəsində ölkəyə idxal edilən və yerli istehsal məhsullarından ümumilikdə 53 nümunə götürülüb və nümunələrin heç birində trans yağ turşularının miqdarı ilə bağlı uyğunsuzluq aşkar edilməyib. Həmçinin yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının miqdarının tənzimlənməsi məqsədilə daha öncədən “Lisenziyalar və icazələr portalına” yerləşdirilmiş “Yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının tənzimlənməsinə dair sanitariya norma və qaydası” adlı sənəd layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb. Eyni zamanda bununla bağlı yağ istehsalçıları və idxalçıları ilə görüş keçirilib. Sənədin yaxın vaxtlarda rəsmiləşdirilməsi nəzərdə tutulub. Rəsmiləşmədən sonra Azərbaycanın artıq 2-ci səviyyə üzrə tədbir görən ölkələr sırasından 3-cü səviyyəyə yüksəlməsi gözlənilir.