Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) elmi məlumat bazasından elmi məqsədlər üçün istifadəni müvafiq elmi qurumlar üçün açıq elan edib. Bu addım qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, ölkəmizdə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi işində ölkə elminə və təhsilinə dəstək vermək məqsədilə atılıb.
Foodinfo.az xəbər verir ki, müvafiq sahələr üzrə toplanan elmi resurslardan təhsilin müxtəlif mərhələlərində (bakalavriat, magistratura, doktorantura), həmçinin elmi-tədqiqat işlərində səmərəli istifadə etmək üçün dövlət və özəl ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və elmi mərkəzlər AQTİ-yə müraciət edə bilər. Müraciətlər (+99412) 565 12 72 (daxili 575) nömrəli telefon və [email protected] elektron poçtu vasitəsilə qəbul olunur.
Qeyd edək ki, İnstitut fəaliyyət istiqamətlərinə uyğun olaraq, öz vəzifələrini nüfuzlu beynəlxalq təşkilatlar, institutlar, dövlət və qeyri-hökumət təşkilatları, eyni zamanda hüquqi və fiziki şəxslərlə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirir. Məlum olduğu kimi, indiki dövrdə əhalinin sağlamlığının qorunmasında İSO və Codex Alimentarius kimi beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilən standartlara və HACCP sisteminə əsaslanan qida təhlükəsizliyi sisteminin formalaşdırılması prioritet hesab olunur. Qeyd edilənlərlə əlaqədar AQTİ tərəfindən bir sıra fəaliyyətlər həyata keçirilir. Bu sıraya İnstitutun Analitik Ekspertiza Mərkəzinin laboratoriyalarında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı ilə bağlı aparılan laboratoriya analizlərini və onların nəticələrinin Elmi Araşdırmalar Mərkəzi (EAM) tərəfindən elmi təhlilini, sahibkarlar üçün təşkil edilən elmi-nəzəri təlimləri, əhalinin qida təhlükəsizliyi sahəsində maarifləndirilməsi istiqamətində aparılan təbliğat və təşviqat işlərini və digər tədbirləri şamil etmək olar.
Onu da bildirək ki, İnstitutun nəzdində müasir və çoxfunksiyalı laboratoriya infrastrukturu formalaşıb. Bu da ölkədə sabit və dayanıqlı qida təhlükəsizliyi sisteminin qurulmasına xidmət edən etibarlı laboratoriya analizlərinin həyata keçirilməsinə zəmin yaradıb. Nəticə etibarilə İnstitutda qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığına dair zəngin elmi məlumat bazası yaranıb. EAM-in əməkdaşları tərəfindən qeyd edilən məlumat bazasına istinad olunmaqla hazırlanmış elmi məqalələr bir sıra nüfuzlu impakt faktorlu jurnallarda və beynəlxalq konfrans materiallarında dərc edilib.