
17 may — İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən Ümumdünya Halal Standartları Günü elan olunub. “HALAL” sertifikatlaşma – qida məhsullarının islam qaydalarına uyğun istehsalını təsdiqləyən xidmət növüdür. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “HALAL” sertifikatlaşma prosesi davam etdirilir.
İnstitutdan Foodinfo.az-a bildirilib ki, bu günə qədər “OIC/SMIIC-1:2019 Halal qidaya dair ümumi tələblər” standartı üzrə 4 müəssisəyə 5 istiqamət üzrə AQTİ-nin “HALAL” sertifikatı təqdim olunub. Ümumilikdə isə 14 müəssisə sertifikat almaq üçün müraciət edib.
Sertifikat əldə etmək istəyən müəssisələr bir-neçə mərhələdən keçməlidir. İlk mərhələdə sahibkar tərəfindən www.afsi.gov.az veb səhifəsində təqdim olunan müraciət forması və ərizə doldurularaq [email protected] elektron poçt ünvanına göndərilir.
Daxil olan müraciət AQTİ tərəfindən yoxlanılır, qiymət təklifi və müqavilə göndərilir. Növbəti mərhələdə obyektin halal qaydalara uyğunluğu və həmin müəssisənin qida təhlükəsizliyi idarəetmə sistemi qiymətləndirilir. Tələblərə cavab verdiyi təqdirdə müəssisəyə etibarlılıq müddəti 3 il olan “HALAL” uyğunluq sertifikatı təqdim edilir.
“HALAL” sertifikatlaşma prosesi 4 kateqoriya üzrə aparılır. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanlarla quşların kəsimini, balıq məhsullarının emalını, süd və süd məhsullarını, eyni zamanda emal olunmuş ət məhsullarını əhatə edir.
AQTİ Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub. Beləliklə, AQTİ-nin həyata keçirdiyi halal sertifikatlaşma beynəlxalq səviyyədə tanınan və etibarlı sertifikatlaşma xidməti olaraq fəaliyyət göstərir.