Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauze arasında görüş keçirilib.

Foodinfo.az xəbər verir ki, görüşdə gələcək əməkdaşlıq imkanlarına, o cümlədən birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb. Qoşqar Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Qeyd edib ki, ölkəmizdə bitki və heyvan sağlamlığının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində əsaslı işlər görülür. Bu çərçivədə Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən təsdiq olunan xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyindən, eyni zamanda yüksək patogenli quş qripi xəstəliyindən azad olma statusu əldə edib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hazırlanmış yeni “Bitki sağlamlığı haqqında” Qanun layihəsi ölkəmizdə bitki sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi sahəsində atılan mühüm addımlardan biridir. Q.Təhməzli eyni zamanda heyvan sağlamlığı sahəsində mövcud qanunvericiliyi beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədilə beynəlxalq ekspertlərin tövsiyələri də nəzərə alınmaqla, “Heyvan sağlamlığı haqqında” Qanun layihəsinin hazırlandığını diqqətə çatdırıb.

Qeyd olunub ki, son illərdə iki ölkə arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması birgə əməkdaşlıq imkanlarını daha da genişləndirib. Latviyanın yüksək riskli məhsul ixrac edən 2 qida obyekti AQTA tərəfindən təsdiq olunub. Agentliyin Kollegiyasının qərarı ilə Latviyanın qida obyektlərinin təsdiq sisteminin ekvivalentliyi tanınıb. Ölkəmizdən bitkiçilik məhsullarının Latviyaya ixracı genişləndirilib, bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq imkanları daha da artıb.

Eyni zamanda Qazax rayonunun Gürcüstanla sərhəd buraxılış məntəqəsinə yaxın ərazisində yaradılan “Qırmızı körpü” qida təhlükəsizliyi nəzarət məntəqəsində Latviyanın qabaqcıl təcrübəsinin öyrənilməsi barədə razılıq əldə edilib. Təcrübə mübadiləsi nəticəsində məntəqədə idxal və ixrac əməliyyatları zamanı aşkarlanan uyğunsuzluqlarla bağlı tədbirlər, prosedurlar və qərar qəbuletmə mexanizmləri daha da optimallaşdırılacaq.

Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığı yüksək qiymətləndirib. Vurğulayıb ki, Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Bundan sonra da əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Latviyanın Qida Təhlükəsizliyi, Heyvan Sağlamlığı və Ətraf Mühit İnstitutu (BİOR) ilə Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu arasında həyata keçirilən sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Görüşdən sonra nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun ixtisaslaşmış laboratoriyaları ilə yaxından tanış olub. Qonaqlara laboratoriyalarda aparılan müayinələr, səriştəlilik sınaqları və digər elmi-tədqiqat fəaliyyətləri barədə ətraflı məlumat verilib.