Mayın 13-də Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgiləri öz işinə başlayıb.

Foodinfo.az xəbər verir ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) sərgiləri fəal şəkildə dəstəkləyirlər.

AQTA sədri Qoşqar Təhməzli “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərinin açılış mərasimində çıxış edib. Q.Təhməzli diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə insan, heyvan və bitki sağlamlığı üçün təhlükə törədən müvafiq risklərin idarə edilməsi, biotəhlükəsizliyin qorunması və təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Qida təhlükəsizliyi sisteminin hüquqi bazasının beynəlxalq təcrübəyə uyğun formalaşdırılması məqsədilə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edildiyini və həmin Qanunun icrasından irəli gələrək 15 qaydanın təsdiq olunduğunu və uyğunlaşdırma çərçivəsində 79 sayda normativ hüquqi akta dəyişikliklər edildiyini bildirən AQTA sədri əlavə edib ki, ötən dövr ərzində qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə sanitar norma və qaydaların beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Agentliyin Kollegiyasının Qərarı ilə 24 sayda texniki normativ hüquqi akt qəbul edilib.  

Q.Təhməzli “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin hazırlandığını sərgi iştirakçılarının diqqətinə çatdıraraq, layihənin aidiyyəti dövlət qurumlarına rəy üçün göndərildiyini, hazırda maraqlı tərəflərin iştirakı ilə geniş ictimai müzakirəsinin keçirildiyini vurğulayıb: “Eyni zamanda heyvan sağlamlığı sahəsində mövcud qanunvericiliyi beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədilə beynəlxalq ekspertlərin tövsiyələri də nəzərə alınmaqla, “Heyvan sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi hazırlanmışdır”.

AQTA sədri çıxışında həmçinin qeyd edib ki, idxal və ixrac əməliyyatları zamanı qida təhlükəsizliyinə nəzarətin operativ həyata keçirilməsi məqsədilə Qazax rayonunun Gürcüstan Respublikası ilə sərhəd buraxılış məntəqəsinə yaxın ərazisində yaradılmış “Qırmızı körpü” Qida təhlükəsizliyi nəzarəti məntəqəsi lazımi bütün avadanlıqlarla təchiz edilib və fəaliyyətə başlayıb.

“Son illər mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq, respublikamızın insan və heyvan sağlamlığı üçün təhlükə törədən, habelə ətraf mühitdə bioloji təhlükəsizliyin pozulmasına səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi istiqamətində ciddi işlər aparılıb”, – deyən Q.Təhməzli əlavə edib ki, bu çərçivədə Azərbaycan 2024-cü ildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad olma statusu qorunub saxlanılır. 

Agentlik sədri onu da bildirib ki, əldə edilən bütün bu nailiyyətlər, ölkədə bioloji təhlükəsizliyin təmin olunması istiqamətində aparılan məqsədyönlü tədbirlər, dünyada mövcud olan bir sıra heyvan xəstəliklərindən azad statusların əldə edilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və yeni əlaqələrin qurulması ölkəmizdə istehsal olunan bir sıra qida məhsullarının ixrac potensialı üçün münbit şərait yaradır. Sitat: “Belə ki, Azərbaycan Respublikasından bir sıra ölkələrə, o cümlədən Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatlarına ərzaqlıq yumurtanın ixracına başlanılıb. Akvakulturada yetişdirilən nərəkimilər cinsindən olan balıqlardan əldə olunmuş kürü məhsullarının Avropa İttifaqı ölkələrinə ixracı üçün icazənin davamlılığı təmin edilmişdir”.

Bununla yanaşı, qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda qida təhlükəsizliyi sahəsində qarşıya qoyulmuş tədbirlərin icrası uğurla davam etdirilib. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə yaradılacaq heyvan xəstəliklərindən azad zona ilə bağlı təsərrüfatlarda epizootoloji monitorinq və digər zəruri tədbirlər həyata keçirilib.  

“InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərində 30-dan artıq ölkədən 450-dək şirkət öz iştirakını təsdiq edib. Sərgilər Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edir.

Xatırladaq ki, “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri bu il 4 gün ərzində təşkil ediləcək.