Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Foodinfo.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində laboratoriyalar bu il ərzində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə 195 müayinə parametri üzrə “FAPAS”, “ANSES”, “VETQAS APHA SCIENTIFIC”, “VNIIKP”, “GD Animal”, “LGC Standards” və digər beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib.
Qeyd edək ki, AQTİ-nin laboratoriyaları ISO/IEC 17025:2017 standartının və akkreditasiyanın tələblərini yerinə yetirmək, aparılan sınaq nəticələrinin dəqiqliyini təmin etmək və personalın səriştəliliyini artırmaq məqsədilə beynəlxalq təşkilatlar tərəfindən keçirilən səriştəlilik sınaqlarında iştirak edir. Hazırda institutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış 17 laboratoriya fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.