Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir.
Foodinfo.az xəbər ki, bu çərçivədə İnstitutun həyata keçirdiyi növbəti, su nümunəsində ümumi codluq, xloridlər, konduktivlik və pH-ın təyini müayinəsi üzrə səriştəlilik sınağının nəticələri məlum olub. Səriştəlilik sınağına qatılan 10 laboratoriya tərəfindən İnstituta təqdim edilən nəticələrə dair hesabat AQTİ-nin saytında (afsi.gov.az) yaradılan “Səriştəlilik sınaqları” adlı bölmədəki “Hesabatlar”da yerləşdirilib. Nəticələr konfidensiallığın qorunması məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanıb. İştirakçılar sayta daxil olaraq nəticələrlə tanış ola bilərlər.
Qeyd edək ki, səriştəlilik sınaqları sınaq laboratoriyalarının müayinə nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması, həmçinin sınaq nəticələrinin keyfiyyətinin və personalın səriştəliliyinin artırılması məqsədilə təşkil edilir. Sınaqlar beynəlxalq ISO 17043 “Səriştəlilik sınaqlarına dair ümumi tələblər” standartına uyğun keçirilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriyaların sınaq nəticələri səriştəlilik sınaqları “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun olaraq keçirildikdə tanınır və etibarlı hesab edilir.