Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın sədr müavini Pərvin Abbasov azyaşlılara energetik içkilərin satılması halları ilə bağlı ictimaiyyətə müraciət edib. Foodinfo.az xəbər verir ki, P. Abbasov “Report”a açıqlamasında deyib ki, son illərdə energetik içkilərlə bağlı nəzarət və tənzimləmə tədbirləri genişləndirilsə də, hələ də bu sahədə qanunsuz hallara rast gəlinir: “Təəssüf ki, bir sıra satış şəbəkələri, marketlər öz maraqlarını hər şeydən üstün tutaraq bu içkilərin uşaqlara satışını davam etdirir. Ona görə də valideynlər diqqətli olmalı, övladlarını bu zərərli içkilərdən uzaq tutmağa çalışmalıdırlar”. Sədr müavini xatırladıb ki, Azərbaycanda energetik içkilərin uşaqlara və yeniyetmələrə satılması qadağan edilib: “2020-ci ildə İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklik edildi və həmin sənədə əsasən, energetik içkiləri yetkinlik yaşına çatmayanlara satan şəxslərə cərimələr tətbiq edilir. Yəni hazırda uşağa spirtli içki, siqaret və ya enerji içkisi satmaq arasında fərq yoxdur. Üçü də qanunsuz fəaliyyətdir və hər bir halda bu qanunsuz əməli yerinə yetirənlər məsuliyyətə cəlb olunmalıdırlar”. P.Abbasov məktəblərin ətrafında energetik içkilərin satılması məsələsinə də diqqət çəkib: “Bu məsələdə bir tərəfdən valideynlər nəzarət etməli, uşaqları digər pis vərdişlər kimi energetik içkilərdən də uzaq tutmalıdırlar. Digər tərəfdən orta məktəblərin ətrafında uşaqlara energetik içkilər satan dükanlara, marketlərə qarşı ictimai nəzarət də olmalıdır. Məsələn, belə hallarla rastlaşan ictimai aktiv sosial şəbəkə istifadəçiləri həmin anları çəkib paylaşa bilər. Təbii ki, bu zaman azyaşlının üzü görünməməli, kimliyi açıqlanmamalıdır. Ümumiyyətlə, energetik içkini alan azyaşlı yox, satan sahibkar ictimai qınağa tuş gəlməlidir. Dükan sahibləri və satıcılar da öz növbəsində əlbəttə ki, uşaqlara spirtli içki, siqaret və energetik içki satmamalıdır. Özü də təkcə ona görə yox ki, buna görə cəzalandırıla bilərlər, cərimə var. Həmin şəxslər buna həm də mənəvi məsələ kimi baxmalıdır. Çünki bu cür hərəkətə yol vermək təkcə inzibati yox, həm də mənəvi xətadır, hətta mənəvi cinayətdir. Gələcəyimiz olan uşaqlara ziyan vurmaq qəti şəkildə yolverilməzdir”.