İqtisadiyyat naziri, Azərbaycan və Rumıniya hökumətləri arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən Foodinfo.az-a verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Rumıniya arasında əlaqələrin uğurla inkişaf etdiyini, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyətini qeyd edib. Bu ilin martında ölkəmizə səfər etmiş Rumıniyanın Baş nazirinin müavini Ana Birçalla görüşünü xatırladan nazir Ş.Mustafayev görüş çərçivəsində bir sıra məsələlərin müzakirə edildiyini vurğulayıb. Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsinin 2017-ci ildə 70%, 2018-ci ilin ilk 3 ayında isə 3 dəfə artdığını vurğulayan İqtisadiyyat naziri sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı, o cümlədən “Elektron kənd təsərrüfatı” sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Azərbaycanın nəqliyyat-tranzit potensialına və bu sahədə Rumıniya ilə əməkdaşlıq imkanlarına toxunan Ş.Mustafayev bu ilin fevralında Çində Azərbaycanın tranzit imkanlarına dair təqdimatın keçirildiyini qeyd edib. Belə tədbirlər davamlı olacaq və Rumıniya da birgə təqdimata qoşula, Azərbaycanın nəqliyyat-tranzit infrastrukturundan, o cümlədən Bakı Beynəlxalq Dəniz Limanının imkanlarından istifadə edə bilər.
Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku ölkəsinin ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb. Qeyd olunub ki, Rumıniya Şərq-Qərb nəqliyyat dəhlizi ilə yükdaşımalarda maraqlıdır. Rumıniyanın energetika sektorunda SOCAR-ın rolunu diqqətə çatdıran səfir Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycanda yeraltı qaz anbarlarının tikintisində ölkəsinin maraqlı olduğunu bildirib. Vurğulanıb ki, Rumıniya kiçik və orta sahibkarlıq, qida təhlükəsizliyi sahəsində böyük təcrübəyə malikdir və bu təcrübəsini Azərbaycanla bölüşə, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq edə bilər. Səfir Azərbaycanın qida təhlükəsizliyi sahəsində Rumıniyanın təcrübəsindən Avropaya məhsul ixracında istifadə oluna biləcəyini də qeyd edib.
Son xəbərlər
- C vitamini çoxluğu hansı problemlərə yol aça bilər?
- Buğda bitkisi necə yetişdirilir?
- Bu turşu xərçəng riskini azaldır
- “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
- Həkim qidalanmanın əsas qaydalarını sadaladı
- Mütəxəssis karbohidratlardan qorxmamağı məsləhət görüb