Bu gün respublikamızın hər yerində, o cümlədən Dağlıq Şirvan bölgəsində taxıl biçini kampaniyası davam edir. Unutmaq olmaz ki, bu bölgə su təminatı baxımından nəmliklə stabil təmin olunmayan quraq dəmyə şəraitinə malikdir və buna görə də biçindən dərhal sonra gələn ilin yüksək məhsulu üçün torpaqların payız əkininə hazırlanmasına, ümumiyyətlə payızlıq əkinə hazırlıq sahəsində vacib olan tədbirlərin kompleks şəkildə yerinə yetirilməsi diqqətdə saxlanılmalıdır.
AZƏRTAC-ın bölgə müxbirinin sualını cavablandıran Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru, biologiya üzrə fəlsəfə doktoru Atabəy Cahangirov deyib: “Dağlıq Şirvan bölgəsində torpaqdan səmərəli istifadə etməklə ondan yüksək gəlir götürülməsi üçün əkinçiliyin təşkilində bir çox məsələlərin düzgün qiymətləndirilməsi və elmi cəhətdən əsaslandırılmış kompleks əkinçilik sisteminin tətbiq edilməsi zərurətini yaradır. Bu məsələlərin həlli istiqamətində son illərdə Qobustan Bölgə Təcrübə Stansiyasında bir çox elmi-tədqiqat işləri aparılıb və təsərrüfatlarda tətbiq edilib. Müəyyən olunub ki, bölgədə yağıntıların miqdarının az olması, qışda temperaturun xeyli aşağı düşə bilməsi ehtimalı, quraqlığın həm də yüksək temperaturla müşayiət olunması kimi stress amillərin gözlənildiyi şəraitdə düzgün becərmə aqrotexnikasının tətbiqi, stress faktorlara qarşı davamlı sortlardan istifadə etmək, torpaq münbitliyinin qorunub saxlanılmasını təmin edən əkin dövriyyəsinin tətbiqi mühüm şərtlərdir. Bölgədə həm də sarı pas xəstəliyinin və zərərvericilərin-xüsusilə də zərərli bağacığın kifayət qədər olması da məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Dağlıq Şirvanın nəmliklə stabil təmin olunmayan dəmyə şəraitində aparılan tədqiqatlarla müəyyən edilib ki, bu bölgədə payızlıq taxıllardan arpa və buğda, yazlıq bitkilərdən isə yem və ərzaq noxudu ən səmərəli bitkilərdir və torpaqdan maksimum məhsul götürülməsini təmin edir”.
Herik–taxıl–paxlalı bitki–taxıl əkin dövriyyəsi ən optimal nəticə verir
A.Cahangirov bildirib ki, qeyd olunan bitkilərdən yüksək məhsul götürülməsi üçün onların düzgün yerləşdirilməsi və bu zaman nəmliyi maksimum dərəcədə qoruyub saxlamağı, ondan səmərəli istifadə edilməsini təmin edən və torpaq münbitliyini qoruyub saxlayan aqrotexnikanın tətbiq olunması vacib şərtdir.
Aparılan çoxillik tədqiqatların nəticəsində müəyyən edilib ki, Dağlıq Şirvanın nəmliklə təmin olunmayan dəmyə şəraitində herik–taxıl–paxlalı bitki–taxıl əkin dövriyyəsi ən optimal nəticə verir. Qeyd olunan əkin dövriyyəsində torpaq hər dörd ildə bir il dincə saxlanılır (25%), 2 il taxıl (50%) və 1 il (25%) paxlalı bitki əkilir. Nəticədə ardıcıl taxıl əkilməsinin qarşısı alınır, paxlalı bitkilər torpaqda azot toplanmasını təmin etməklə ondan sonra əkilən taxıl üçün müəyyən qədər qida ehtiyatı yaradır və eyni zamanda, torpağın aqrofiziki xassələri yaxşılaşdırılır. Təqdim olunan əkin dövriyyəsi zamanı bitkilərin növbələşməsi təmin olunduğu üçün hər bir bitkiyə xas olan xəstəlik və zərərvericilərin yayılmasının qarşısı alınır ki, bu da yekun nəticədə məhsuldarlığın yüksəlməsinə və dənin keyfiyyətinin yaxşılaşmasına müsbət təsir göstərir. Qeyd etmək lazımdır ki, herik–taxıl-paxlalı bitki-taxıl əkin dövriyyəsi zamanı həm də torpağın aqrofiziki strukturunu pozan, onun münbitliyini və məhsuldarlığını aşağı salan torpaq işləmələri minimuma endirilir. Nəmliklə stabil təmin olunmayan dəmyə şəraitində qara heriyin düzgün saxlanılması mühüm şərtlərdən biridir. Belə ki, bu işin düzgün təşkili üçün yayda taxıl biçildikdən sonra sahənin gecikmədən bitki qalıqlarından təmizlənməsi və diskli mala ilə 5-7 santimetr dərinliyində üzlənməsi lazımdır. Bu əməliyyatın operativ surətdə həyata keçirilməsi torpaqda yaranan çatların bağlanmasını təmin edir və nəticədə dərin qatlardakı suyun sürətlə buxarlanmasının qarşısı alınır. Bu zaman həm də torpaq səthində olan alaq toxumlarının və bitki qalıqlarının torpağa qarışdırılması təmin olunur ki, nəticədə payızın ilk yağıntılarından sonra alaq otları bərabər səviyyədə cücərir. Keyfiyyətli qara heriyin saxlanılması üçün torpağın noyabr, dekabr və ya yanvar ayından gec olmayaraq 25-27 santimetr dərinliyində şumlanması lazımdır. Torpaqda olan kalsinatların yerləşməsi aşağı qatlarda olarsa şumun dərinliyini 30 santimetrə qədər çatdırmaq olar. Qeyd etmək yerinə düşərdi ki, torpağın şumlanması onun alt qatlarının üstə çıxmasına və üst qatdakı üzvi qalıqların aşağı qatlara keçməsinə səbəb olur. Məlum olduğu kimi torpağın üstündəki bitki qalıqlarının çürüməklə minerallaşması prosesi aerob şəraitdə (hava olduğu şəraitdə) gedir və humus əmələ gəlməsi də üst qatlardan aşağıya doğru olur. Bu baxımda şum prosesinin bu prosesləri müəyyən qədər ləngitdiyi görünür. Eyni zamanda, qeyd edilməlidir ki, xüsusilə quraq dəmyə şəraitində bitkilərin kök sisteminin yaxşı inkişaf etməsi və torpağın dərin qatlarına nüfuz edə bilməsi üçün torpağın müəyyən həddə qədər yumşaq və kipliyinin az olması lazımdır. Buradan da şum əməliyyatının həm lazımlı, həm də müəyyən qədər az istifadə olunması görünür. Bu məsələ son illərdə dərindən yumşaldıcı alətlərin – reperlərin tətbiqi ilə öz həllini tapıb. Belə ki, dərindən yumşaldıcı alətlər torpağı çevirmədən onu yumşaldır ki, bu da bitkilərin kök sisteminin yaxşı inkişaf etməsi üçün şərait yaradır.
Torpağın çevrilmədən 35-40 santimetr dərinliyində yumşaldılmasının digər faydaları da var. Belə ki, bu əməliyyat zamanı torpağın qatları öz yerində qalmaqla onun aşınmasının qarşısı alınır. Nəticədə torpağın su və külək eroziyasına qarşı dayanıqlılığı artır. Digər tərəfdən isə torpağın bu cür işlənməsi onun şum qatının altında yaranan bərkimiş hissənin (podoşva) dağılmasına səbəb olur. Nəticədə bir tərəfdən bitkilərin – xüsusilə də saçaqlı kök sisteminə malik olan taxıl bitkilərinin kökləri torpağın dərinliklərinə doğru daha rahat inkişaf edir. Digər tərəfdən isə quraq dəmyə şəraitində yağıntıların tutulması və torpaqda akkumulyasiyası kimi vacib olan bir prosesin daha yaxşı təmin olunması üçün zəmin yaranır. Belə ki, qış aylarında yağan qarın əriməsi zamanı alınan su və bəzən müşahidə olunan leysan yağışları torpaq üzərindən axıb getmir və daha aşağı qatlara hopur ki, bununla da bitkilər üçün ehtiyat yaranır. Beləliklə, qara heriyin saxlanması üçün noyabr–yanvar aylarında şum çıxarılması və ya dərindən yumşaltma əməliyyatı aparılır. Bu qaydada hazırlanan torpaq qış və yaz aylarında düşən nəmliyi akkumulyasiya edir və bu zaman həm nəmli şəraitdə torpaqda mikrobioloji proseslərin daha yaxşı getməsi nəticəsində onun münbitliyi artır və həm də gələcəkdə əkiləcək taxıl üçün su ehtiyatı toplanmış olur. Qeyd etmək lazımdır ki, qara heriyin düzgün saxlanması onda olan qida maddələrinin və akkumulyasiya olunan nəmliyin itirilməməsini tələb edir. Bunun üçün qara herikdə alaq otlarının inkişafının və torpağın çatlamasının qarşısının alınması mühüm şərtlərdəndir. Torpağa zərər vurmadan bu məqsədə nail olmaq üçün herikdə alaqların bitməsi zamanı onların münasib alətlərlə işlənməsi tələb olunur. Belə ki, heriyin 1-ci yaz becərilməsi zamanı diskli maladan istifadə olunması məqsədəuyğundur. Bu zaman alaq otlarının məhv edilməsi ilə yanaşı həm də torpaq səthi hamarlanır ki, bu da gələcəkdə herikdə müəyyən əməliyyatların aparılmasının keyfiyyətini artırır. Yaz-yay aylarında alaqların bitməsindən və torpağın çatlamasından asılı olaraq qara herik sahəsində diskli mala əməliyyatından sonra 1 və ya 2 dəfə pəncəli kultivatorla 5 – 7 santimetr dərinliyində işləmə aparılır. Qeyd edək ki, qara herik sahəsində diskiləmədən sonra kultivator çəkilməsi torpağın daha çox xırdalanaraq toz halına düşməsinin qarşısını alır və nəticədə külək eroziyası torpağa ziyan vurmur. Payızda qara herik sahəsində alaq otları cücərdikdən sonra yenə də torpağın bərkliyindən asılı olaraq kultivator və ya diskli mala çəkilir, torpaq səthi hamarlanır və səpin aparılır.
Gübrələrdən düzgün və səmərəli istifadə zəruridir
Mütəxəssis qeyd edib ki, payızlıq taxılların səpini zamanı torpaq analizinin nəticəsindən asılı olaraq lazımi miqdarda fosfor və kalium gübrələri verilir. Bu gübrələrin torpağa yaxşı qarışmasını təmin etmək üçün onlar ya axırıncı əməliyyatdan əvvəl səpilir və torpağa qarışdırılır, ya da toxumsəpənin gübrə üçün olan bunkerinə tökülərək toxumla birlikdə sahəyə verilir. Payızda bitkilərin yaxşı inkişaf edərək normal kollanmasını və qışa güclü bitkilər kimi keçməsini təmin etmək üçün hesablanmış illik fosfor və kalium gübrələrinin hamısı, azot gübrəsi normasının isə 25-30 faizini vermək məqsədəuyğundur. Bunun üçün tərkibində həm də azot maddəsi olan və suda daha yaxşı həll olan fosfor və kalium gübrələrinin tətbiq edilməsi səmərəliliyi daha da artırır. Payızda kompleks tərkibli şumaltı gübrələrin tətbiq edilməsi qışlamaya qədər yaxşı kollanmış və inkişaf etmiş bitkilərin formalaşmasına səbəb olur ki, bu da onların gələcəkdə şaxtaya, qışa, quraqlığa, xəstəliyə və sair stress faktorlara davamlılığını artırır.
Payızlıq taxıl sahələrində yaz qulluq işləri düzgün aparılmalıdır
Quraq dəmyə bölgələrdə payızlıq taxıl sahələrində yaz qulluq işlərinin düzgün aparılması torpaqdakı nəmlik ehtiyatının səmərəli istifadə edilməsinə kömək edir. Bu barədə danışan mütəxəssis bildirib ki, yazda alaq otlarına qarşı aparılan mübarizə nəticəsində onların məhv edilməsi torpaqdakı suyun alaqlar tərəfindən sərfiyatının qarşısını alır. Eyni zamanda, həm şumaltı, həm də yemləmə kimi verilən gübrələrin alaq otları tərəfindən mənimsənilməsinin qarşısı alınır və nəticədə taxılın daha yaxşı inkişafı təmin edilmiş olur. Alaq otlarının məhv edilməsi, eyni zamanda, sahədə sıxlığın yaranmasının da qarşısını alır ki, bu da xəstəliklərin sürətli yayılmasını əngəlləyir.
Nəmliklə təmin olunmaya dəmyə şəraitində stabil və yüksək məhsulun alınması üçün həm də payızlıq taxılların quraqlığa, həm də digər stress faktorlara davamlı sortların əkilməsi mühüm şərtdir. Qeyd etmək yerinə düşər ki, son illərdə ölkəmizə xaricdən gətirilən buğda sortlarının bölgələr üzrə düzgün yerləşdirilməməsi xeyli miqdarda məhsul itkisinə səbəb olur. Mütəxəssis nəmliklə təmin olunmayan və nisbətən mülayim iqlim şəraitinə malik ekoloji bölgələrdən gətirilən buğda sortlarının normal məhsul vermədiyini diqqətə çatdırıb. Həmin sortlar adətən gec sünbülləyir ki, sonradan istilərin düşməsi və vegetasiyanın qısalması nəticəsində belə sortlarda dənin dolması fazası qısalır və yekunda məhsuldarlıq və ümumi məhsul istehsalı aşağı düşür. Digər ekoloji bölgələrdən gətirilən taxıl sortları həm də yerli şəraitdə mövcud olan xəstəliklərə qarşı da davamlı olmur ki, bu da nəticədə müəyyən qədər məhsul itkisi ilə nəticələnir. Mütəxəssis bunları nəzərə alaraq nəmliklə təmin olunmayan şəraitdə payızlıq buğda və arpa əkinində yerli şəraitdə sınanan, quraqlıq və yüksək temperatur kimi stress amillərə və xəstəliklərə davamlı olan sortlardan istifadə edilməsini məqsədəuyğun hesab edir.
“Dağlıq Şirvan bölgəsinin nəmliklə stabil təmin olunmayan ərazilərində yazlıq taxıldan normal məhsul götürülməsi çox çətindir. Yalnız zərurət yaranarsa, bu bölgənin nisbətən yüksək dağlıq ərazilərində - dəniz səviyyəsindən 1000 metrdən yuxarı olmaqla, yazlıq arpa və ya vələmir əkmək olar. Bu zaman əkinin mümkün qədər tez aparılmasına çalışmaq lazımdır. Əgər sonradan iqlim şəraiti uğurlu keçərsə, həmin bitkilərdən normal məhsul götürülməsi gözlənilə bilər”, - deyə o əlavə edib.