Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Rumıniyanın Dolj kantonunda xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Polşa Respublikasının Opolsk, Slask inzibati ərazilərində Nyukasl xəstəliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şotlandiyanın Cənubi Lanarkşir inzibati ərazi vahidində və Uelsin Pouis kantonunda, Almaniya Federativ Respublikasının Hessen vilayətində, Portuqaliya Respublikasının Porto, Lissabon dairələrində, Niderland Krallığının Şimali-Hollandiya əyalətində, Danimarka Krallığının Mərkəzi Danimarka regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Foodinfo.az xəbər verir ki, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.






