Bakıda ilk dəfə keçirilən Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO) Şurasının yeni seçilən direktoru Olqa Lavrentjeva və 74-cü sessiyasının iştirakçıları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar.
Foodinfo.az xəbər verir ki, AQTİ-də təşkil edilən görüşdə İdarə Heyətinin sədri Əli Nəbiyev EPPO-ya üzv dövlətlərdən olan nümayəndələrə İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır. Ə.Nəbiyev qonaqları respublikamızda qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və əldə olunan nailiyyətlər barədə də məlumatlandırıb. İnstitutun laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətləri önə çəkib.
Görüşdən sonra O. Lavrentjevanın rəhbərlik etdiyi nümayəndə heyəti iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin Kompleks Tədqiqatlar, Mərkəzi Fitosanitar və Milli Referens laboratoriyalarına baxış keçiriblər. Qonaqlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, sentyabrın 23-də Bakıda ilk dəfə olaraq EPPO İcraiyyə Komitəsinin iclası, sentyabrın 24-25-də isə EPPO Şurasının 74-cü sessiyası keçirilib. Tədbirlərdə təşkilata üzv dövlətlərdən olan nümayəndələr iştirak edib.