Bəzi mütəxəssislər Azərbaycanda satışda olan və kərə yağı adı ilə satılan yağların böyük hissəsinin insan orqanizmi üçün zərərli olduğunu, onların tərkibində insan orqanizminə zərər verən palma yağlarının olması barədə söylədiyi fikirlərə münasibət bildirib.
Qida Təhlükəsizliyi Agentliyinin Risklərin İdarəedilməsi şöbəsinin baş məsləhətçisi İlahə Əliyeva Trend-ə bildirib ki, palma ağacının meyvəsindən iki növ (meyvə əti və çəyirdək) yağ emal edilir və bu yağlar qida əhəmiyyətli xüsusiyyətlərinə görə geniş istifadəliliyə malikdir.
İ.Əliyeva əlavə edilib ki, bu yağın orqanizmə təsiri dünya miqyasında geniş müzakirə mövzusu olsa da, indiyə qədər insan sağlamlığına hər hansı bir mənfi təsiri elmi cəhətdən sübuta yetirilməyib. Hər hansı bir qida məhsulunun tərkibinin insan sağlamlığına zərərli olub-olmaması yalnız müvafiq laborator müayinələrdən sonra müəyyənləşdirilə bilər.
Palma yağının Azərbaycan mətbəxində istifadə edilmədiyini nəzərə alaraq, kərə yağlarının tərkibinə palma yağının daxil edilməsinin və Azərbaycanda palma yağının qida yağı kimi istifadə edilməsinin yolverilən hal olub-olmadığına gəldikdə isə, agentlik rəsmisi bildirib ki, Azərbaycanda bu yağın təyinatı üzrə istifadə edilməsinə heç bir maneə yoxdur:
"Palma yağı qida sənayesində istifadəsinə görə dünyada ən geniş yayılmış yağlardan biridir. Bu yağın istifadə olunduğu məhsullara nümunə kimi müxtəlif növ qənnadı məmulatları, dondurma və bir çox şirniyyatları sadalamaq olar. Həmçinin, Azərbaycanda da bu yağın təyinatı üzrə istifadə edilməsinə heç bir maneə yoxdur. Tərkibinə palma yağı əlavə olunmuş və təbii kərə yağı adı ilə istehlakçılara təklif edilən yağın satışı isə istehlakçıların hüquqlarının pozulması səbəbi ilə qadağan olunur".
İ.Əliyeva Azərbaycanda hansı adla satılan kərə yağlarının təbii kərə yağı hesab edilməsi ilə bağlı suala cavab olaraq bildirib ki, ticarət şəbəkələrində satılan hər hansı bir kərə yağının təbii kərə yağı olub-olmamasını yalnız laborator müayinənin nəticəsindən sonra müəyyən etmək mümkündür. Laborator müayinədən keçməmiş heç bir məhsul haqqında fikir söyləmək mümkün deyil.