Bitki və bitkiçilik məhsullarından nümunə üçün zərərvericilərin toplanması zamanı canlı tırtılların toplanması müvafiq tələblərə uyğun həyata keçirilir.

Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”a əsasən, fitosanitar karantin baxışı zamanı taranın, divarın və ya döşəmənin üzərində olan tırtılların hərəkət etdikləri istiqamətdə qarşısına ağzı açıq sınaq şüşəsi yerləşdirirlər ki, o, sınaq şüşəsinin içərisinə sürünsün. Onun talaşa, kağız parçası və ya neştər ucu ilə itələyərək, sınaq şüşəsinin içərisinə düşməsinə kömək edilir. Canlı tırtılları heç bir halda əl ilə (barmaqla) tutmaq və ya pinset ilə götürmək olmaz. Təzə meyvələrdə tapılmış tırtılları kəsilmiş meyvənin üzərində saxlamaq olmaz. Tırtılları ehtiyatla çıxarıb, zədələnmiş meyvənin kiçik hissəsi ilə birlikdə sınaq şüşəsinə yerləşdirmək lazımdır. Çıxarma prosesində zədələnmiş tırtıllar az miqdarda su ilə sınaq şüşəsinə yerləşdirilir. Sınaq şüşəsinin ağzı ağac qabığından və ya rezindən olan tıxacla bağlanır və laboratoriya ekspertizasına cəlb edilir. 

Sənəddə həmçinin qeyd olunur ki, tırtılların və kəpənək puplarının tor baramalarının toplanması da müvafiq tələblərə uyğun həyata keçirilir. Belə ki, baramaları içəridəki canlı həşərat əzilmədən və ya qabığı zədələnmədən onların substratdan iti uclu yumşaq pinsetlə, bir kənarından (orta hissədəntutmaq olmaz) ehtiyatla tutaraq yığmaq, həmçinin kəpənəklərin baraması olmayan açıq puplarını ehtiyatla neştərin ucu ilə sınaq şüşəsinə toplamaq lazımdır. Kəpənək puplarını heç bir halda pinsetlə və ya əl ilə (barmaqla) götürmək olmaz. Kəpənəklərin pup qabıqları çox ehtiyatla - pup qabıqlarının ayrı-ayrı hissələri, xüsusilə də qarıncığın son seqmentləri itirilmədən, həmçinin sonluqda yerləşən çox nazik tükcüklər, qarmaqlar və ya çıxıntılar qırılmadan toplanmalıdır. Kəpənəyin növü hissələrinin xarakteri, miqdarı və yerləşməsinə görə müəyyən edilir. Pup ilə birlikdə həmçinin pupun qarıncığının sonunda yerləşən tırtıl qabığını da götürmək lazımdır. Amerika ağ kəpənəyinə yoluxma ehtimalı olan təzə meyvələrə və digər bitki və bitkiçilik məhsullarına fitosanitar karantin baxışı zamanı kəpənəyin puplarını toplayarkən, yalnız tırtılların puplarını və pup qabıqlarını deyil, həmçinin pupu əhatə edən seyrək tor baramasının hamısını və ya ən azından bir hissəsini də götürmək lazımdır. Kəpənəkləri nə canlı, nə də ölü vəziyyətdə tırtıllar və ya digər zərərvericilərlə eyni sınaq şüşəsinə yerləşdirmək olmaz.