Ölkəmizdə ovçuluğa maraq böyükdür. Bu əsasən respublikamızın ovlanmasına icazə verilən heyvan və quş növləri ilə zəngin olması ilə əlaqədardır. Dağ keçisi, qaban, dovşan, bataqlıq qunduzu, Dağıstan turu, bildirçin, qaşqaldaq, cüllüt, çöl qazı və ördəyi və digər sənaye zonalarından kənar ərazilərdə məskunlaşan ov heyvan və quşları təbii qidalarla qidalanır və yemlərin ən faydalısını seçir. Məhz bu səbəbdən ov əti yüksək kaloriliyə və pəhriz xüsusiyyətlərinə malik olan ət növü kimi qiymətləndirilir. Ov ətinin morfoloji və bioloji xüsusiyyətləri heyvan və quşların növü, yaşı, cinsi və köklük dərəcəsi ilə müəyyən edilir.
Ölkəmizdə fauna və floranın mühafizəsi baxımından heyvan və quşların müəyyən olunmuş qaydalar çərçivəsində ovlanması mühüm ekoloji əhəmiyyət kəsb edir. Müvafiq qurumlar tərəfindən hər il ov mövsümü ərəfəsində ov ərazisi, həmçinin hər bir heyvan və quşun ovlanma müddəti barədə əhaliyə məlumat verilir. Bunun sayəsində ovçular ovlana bilən heyvan və quş növləri və ov dövrü barədə məlumatlı olurlar. Məsələn, adətən sentyabr-dekabr aylarında qaban, dekabr-fevral aylarında dovşan, oktyabr-fevral aylarında bataqlıq qunduzunun ovuna icazə verilir.
Heyvan və quşların çoxalma (balalama, yumurtlama və s.) dövründə ovlanması onların rifahı baxımından yolverilməz hesab edilir. Buna görə də, çöl heyvan və quşlarının ovlanmasına onların bioloji xüsusiyyətləri nəzərə alınmaqla icazə verilir.
Ov qənimətləri hesab olunan çöl heyvan və quşlarının ətinin kortəbii istehlakı insan sağlamlığı üçün təhlükəli ola bilər. Belə ki, bütün ev heyvan və quşları kimi çöl heyvan və quşları da müxtəlif etiologiyalı (parazitar, bakterial, viral və s.) xəstəliklərə həssasdır. Ov heyvanları və quşları arasında insan sağlamlığı üçün təhlükəli hesab edilən xəstəliklərdən quş qripi, bruselyoz, quduzluq, qarayara, tulyaremiya, trixenelyoz, listerioz, leptospiroz, vərəm və başqa xəstəlikləri misal göstərmək olar. Təbiətdə yaşayan heyvan və quşlardan cüyür, maral, qırqovul, göyərçin, qaz və ördəklərdə əsasən vərəm, dovşan, dağ keçisi, qırqovul və göyərçinlərdə yalançı vərəm, maral, sığın, antilop və donuzlarda isə nekrobakterioz xəstəliyi müşahidə edilir. Bütün növ, xüsusilə cavan çöl heyvan və quşlarında pasterellyoz və salmonellyoz xəstəliklərinə tez-tez rast gəlinir. Dələ və çöl dovşanı kimi heyvanlar isə tulyaremiya xəstəliyinin əsas yayılma mənbəyi hesab olunur.
Çöl heyvan və quşlarının vurulması zamanı onların dəri və bağırsaqlarındakı mikrobların ətə sirayət etməsi nəticəsində ov ətindən zəhərlənmə halları da istisna deyil. Eyni zamanda çöl heyvan və quşlarının soyulması, kəsilməsi və təmizlənməsi əsasən açıq sahədə həyata keçirildiyi üçün havada olan çirkləndiricilər, temperatur və digər amillər ov ətinin təhlükəsizliyinə təsir edə bilər. Təbiətdə ovlanan heyvan və quşların kəsimqabağı müayinəsi mümkün olmadığı üçün onların ətinin baytarlıq-sanitariya ekspertizası tərəfindən qiymətləndirilməsi əsasən kəsimdən sonra aparılır.
Ovçular ovçuluq sahələrində ov edərkən ekoloji və sanitar-gigiyenik qaydalara riayət etməlidirlər. Eyni zamanda seçilmiş ovlama üsulu heyvan və quşların rifahı qaydalarına uyğun olmalı və onlara əzab verməməlidir. Ov proseslərini heyvan və quşlarda stress yaratmadan tez bir zamanda başa çatdırmaq əldə olunan ətin keyfiyyəti baxımından da böyük əhəmiyyət kəsb edir.
Ovçuluq fəaliyyəti dövründə ovçuların bir sıra xəstəliklərə yoluxma və hətta xəstəlikləri yayma riski mövcuddur. Belə ki, ovlanan heyvan və quşlar arasında rast gəlinən zoonoz xəstəliklər, eləcə də müxtəlif həşərat sancmaları səbəbindən baş verən xəstəliklər ovçuların sağlamlığı üçün təhlükə mənbəyi hesab olunur.
Bütün bunları nəzərə alaraq, ov ətinin səbəb ola biləcəyi təhlükələrin qarşısını almaq məqsədilə aşağıdakı tövsiyələrin nəzərə alınması məqsədəuyğun hesab edilir:
- ovlanmamışdan əvvəl hərəkətlərində qeyri-adi hallar müşahidə olunan və ya xəstə olduğuna şübhə yaranan heyvan və ya quşun əti istehlak edilməməli;
- çiy və ya yarımbişmiş ov əti istehlakından çəkinməli;
- ovçular tərəfindən həşərat sancmalarını minimuma endirmək üçün tədbirlər görülməli;
- ovlanmış heyvanın və ya quşun qarın boşluğu təmizləndikdən sonra ətin nəmliyi qurudulmalı və emal olunana qədər soyudulmalı;
- çöl heyvan və quşlarının kəsilməsi, soyulması və təmizlənməsi zamanı əlcəklərdən (qalın rezin, lateks və ya nitril) istifadə edilməli;
- ov əti ilə təmasda olduqdan sonra əllər sabunla yuyulmalı və spirt tərkibli məhlullarla dezinfeksiya edilməli;
- ov əti ilə təmasda olan alət və avadanlıqlar (masa, kəsim lövhələri, bıçaq və s.) yuyucu vasitələrlə yuyulmalı və dezinfeksiya edilməli;
- ov əti və ət məhsulları baytar həkimi baxışından keçirilməli və baytarlıq-sanitariya ekspertizasına cəlb edilməlidir.
Sadalananlar nəzərə alınarsa, ovçuluq məhsullarının istehlakı zamanı əmələ gələ bilən təhlükələrin qarşısı alınmış olar.
Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin Maarifləndirmə sektorunun böyük mütəxəssisi Rəna Kəngərli tərəfindən hazırlanıb