Yenicə fəaliyyətə başlamış Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin tərcümeyi-halının mətbuatda açıqlanmasına baxmayaraq, ictimaiyyət onu heç də yaxından tanımır. Foodinfo.az-ın xəbərinə görə, Q.Təhməzli Qarabağ müharibəsi veteranıdır. Belə ki, o, 1992-ci il 26 fevral – Xocalı soyqırımı baş verəndən iki gün sonra, yəni fevralın 28-də dostları ilə birgə könüllü şəkildə müharibəyə yollanmaq üçün Müdafiə Nazirliyinə müraciət edib. Həmin vaxt Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) tələbəsi olan Q.Təhməzli bir aydan sonra cəbhəyə göndərilir. O və dostları Qarabağ müharibəsi zamanı hərbi səhra hospitallarının yaradılması işində iştirak edib. Cəbhədən qayıtdıqdan sonra Q.Təhməzliyə Azərbaycan Respublikasının müharibə veteranı adı verilib. Q.Təhməzli bu haqda danışarkən “Mən bu adla şərəf duyuram”, - deyə, bildirib. Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi Prezident İlham Əliyevin 10 fevral 2017-ci il fərmanı ilə yaradılıb. Foodinfo.az