Əvvəllər restoranlarda, uşaq müəssisələrində və digər iaşə obyektlərində çalışan insanlar 3-4 aydan bir müayinə edilirdi. Və onların sağlamlıqları təsdiq edildikdən sonra işə davam edə bilmələrinə icazə verilirdi. Son dövrlər isə bu qayda, demək olar ki, unudulmaq üzrədir. Buna görə də hər hansı bir kafe, restoran, uşaq müəssisəsinə gedən insanların sağlamlığı təhlükə altındadır.
Bütün bunlar nəzərə alınaraq, Azərbaycanda ictimai iaşə və xidmət sahələrində çalışan şəxslər məcburi tibbi müayinədən keçiriləcək. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən bildirilib. Qeyd olunub ki, hazırda bu sahədə normativ və hüquqi aktlar hazırlanır.
Hüquqi baza yaradıldıqdan sonra Qida Təhlükəsizliyi Agentliyinin Əsasnaməsində qeyd olunduğu kimi, Qida Təhlükəsizliyi Agentliyi Səhiyyə Nazirliyi ilə birlikdə qida zəncirinin bütün halqalarında, o cümlədən ictimai iaşə və xidmət sahələrində çalışan şəxslərin müəyyən edilmiş qaydada və müddətdə məcburi tibbi müayinədən keçmələrinə nəzarət edəcək.
Bir sözlə, əvvəllər mövcud olan, restoranlarda, uşaq müəssisələrində işləyənlərin 3-4 aydan bir məcburi müayinə məsələsinin bərpası istiqamətində işlər görülür.
Qida eksperti Elsevər Fərzəliyev məlum məsələyə aydınlıq gətirib: "Əmək Məcəlləsinə görə, yoluxucu xəstəliyi olan insanlar qida sektorunda işləməməlidirlər. Yoluxucu xəstəliklər dedikdə, dəri-zöhrəvi xəstəliklər, vərəm xəstəliyi, A,B,C hepatitlər nəzərdə tutulur. Bu xəstəliklər təmasla və hava damcı yolu ilə də yoluxa bilir. Belə xəstələrin kütlə ilə işləməsinə icazə verilmir. Çünki bu xəstəliklər təmas olmasa belə, yoluxa bilir".
Həkim terapevt Rüstəm Mikayılov da bildirib ki, iaşə obyektlərində, uşaq müəssisələrində və digər qurumlarda çalışan şəxslər xəstədirsə, bu xəstəliyi asanlıqla digərlərinə yoluxdura bilərlər. Çünki qeyd olunan xəstəliklərin əksəriyyəti hava-damcı yolu ilə yoluxur.
"Vərəm çöpləri hər yerdə var. Orqanizmin zəifləməsi bu xəstəliyin inkişafına imkan yaradır. Mən şəxsən bir müğənni tanıyırdım, vərəm xəstəsi idi və restoranda oxuyurdu. Bu, insanlar üçün potensial təhlükədir. İşəgötürən işçinin sağlamlığı ilə maraqlanmalıdır", — deyə həkim bildirib.
R.Malikov qeyd edib ki, xəstə insanlarda xəstəlik eqoizmi də olur. Yəni onlar öz xəstəliklərini digərlərinə keçirməyə çalışırlar: "Xüsusən də vərəm xəstələri xəstəliklərini yaymağa çalışırlar. Onlar digərlərinin qabına tüpürür və ya xəstəliyi yaymaq üçün digər üsullara əl atırlar. Bu səbəbdən də kafe, restoran, uşaq müəssisləri və digər obyektlərdə işəgötürənlər diqqətli olmalıdırlar. Xidmətin yüksək keyfiyyətli olması üçün işçilərinin məcburi şəkildə müayinə edilməsini tələb etməlidirlər". (Sputnik)
Son zamanlar uşaqlar arasında yayılan xəstəlik nədir
Fərzəliyevin sözlərinə görə, qidanın hazırlanması ilə məşğul olan, məktəbdə, yeməkxanalarda və s. iaşə obyektlərində çalışan şəxslər 3 aydan bir müayinədən keçməlidir: "Qida ilə birbaşa təmasda olmayan işçilər isə 6 aydan bir həkim müayinəsindən keçməlidirlər. Bəzi sektorlarda isə bu, ildə bir dəfə həyata keçirilməlidir".
Ekspert bildirib ki, məktəblərdə çalışan müəllimlər isə ildə bir dəfə müayinədən keçirilir. Onların sağlamlığı haqqında arayış olmasa, onlara dərs yükü verilmir. Müsahibimiz əlavə edib ki, Azərbaycandakı bütün qurum və idarələrdə, özəl sektorda bu qaydaların həyata keçirilib keçirilməməsi isə sual altındadır: "Nəticələrə baxaraq demək olar ki, hansı sektorda buna diqqət var və ya yoxdur. Öz əməkdaşlarına dəyər verən, istehsal etdiyi məhsulların yüksək səviyyədə olmasını istəyən şəxslər bu qaydalara riayət etməlidir".Qorxunc xəstəlik Azərbaycandan uzaqlaşır