Gündəlik istifadə olunan qidaları yerləşdirmək uçun müxtəlif materiallardan ibarət saxlanma qablarına üstünlük verilir. Çox vaxt diqqət yetirilməyən həmin məqam sağlamlıqda ciddi xəstəliklərə səbəb ola bilər. Məsələn, ucuz başa gəldiyi üçün daha çox istifadə olunan plastik materiallar o halda zərərli olur ki, istiliyə məruz qalsın, yəni mikrodalğalı sobada istifadə zamanı istiliyin təsiri ilə zəhərli maddələr qidaya keçə bilər. Ona görə də mikrodalğalı və ya adi sobada şüşə, keramik və saxsı qabların istifadəsi tövsiyə olunur.
Digər diqqət yetirilməsi vacib olan məqam isə alüminiumdan hazırlanmış qazan, tava və falqalarla bağlıdır.
Foodinfo.az xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Aynur Həsənova deyib: “Soba yeməklərinin, xüsusilə pomidor, limon və s. kimi turş qidalar və turş souslu ət yeməklərinin hazırlanmasında alüminium falqaların istifadəsi məqsədəuyğun deyil. Belə olan halda turşu ilə reaksiya nəticəsində alüminium qidaya keçə bilər”.
Demək olar ki, əksər mətbəxlərdə silikon qab-qaşıqdan istifadə olunur. Mütəxəssislərin dediyinə görə, hətta həmin materiallardan da düzgün istifadə edilmədikdə sağlamlıq üçün zərərli ola bilər. Bunun əvəzində taxtadan hazırlanmış qaşıqlara üstünlük verilməlidir. Lakin taxta materialı qoxu və nəmi özünə hopdurmaq xüsusiyyətinə malik olduğundan həmin əşyalardan istifadə zamanı şəxsi və sanitar-gigiyenik qaydalara riayət edilməlidir.
“Başqa yapışmayan materialla örtülmüş tavalar var ki, onların qoruyucu üst təbəqəsi istifadə zamanı zədələnir və nəticədə zərərli maddələr qidaya keçir. Ona görə də metal qablar və qazanların istifadəsi zamanı onlarla səliqəli davranmaq və cızmamaq lazımdır. Ümumiyyətlə isə çuqun, keramika, paslanmaz poladdan hazırlanmış tavalar və qazanlar zərərsiz seçim ola bilər”, -deyə mütəxəssis bildirib.
Saxlanma qaydalarına əməl edilmədikdə gələcəkdə mədə-bağırsaq, hətta xərçəng kimi ciddi xəstəliklərlə üzləşmək halları ola bilər. Bütün bunların baş verməməsi üçün sağlam qidalanmaqla yanaşı, qidaların saxlanılmasına da diqqət yetirmək vacibdir.