Rusiyadan Azərbaycana gətirilən ərzaqlıq buğdada zərərvericilər aşkarlanıb. Bu barədə Foodinfo.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən məlumat veriblər.
Xəbərdə deyilir ki, Rusiyadan idxal edilən ümumi çəkisi 1636.02 ton olan ərzaqlıq buğdadan nümunələr götürülərək Respublika Karantin Ekspertiza Mərkəzinin Herbologiya laboratoriyasına təqdim olunub. Məlum olub ki, buğdada karantin tətbiq edilən alaq bitkisi - sürünən kəkrə (Acroptilon repens (L.) DC) toxumları var.
Qeyd edək ki, sürünən kəkrə əsasən əkin sahələrini, bağları, çəmənləri və otlaqları alaqlandırır. Bitki payızlıq buğdadan 2-5 dəfə artıq qida maddələri mənimsəyir. Kök sistemi tərəfindən ifraz edilən toksiki maddələr mədəni bitkilərə təsir edir. Kəkrə toxumları əsasən taxıl və ot bitkilərinin toxumları və ot küləşi ilə, səbətcikləri isə su vasitəsilə yayılır.