Natiq Cəfərli: Rüsumlarının  enməsi  qiymətlərə 0.50-1 manat arası təsir göstərməli idi Azərbaycana gətirilən kərə yağı üçün gömrük idxal rüsumunun 3 dəfə azaldılması barədə qərar idxalçılardan çox istehlakçıları sevindirmişdi. Hər kəs kərə yağının ucuzlaşacağından danışırdı. Qeyd edək ki, ötən ilin noyabr ayında verilmiş bu qərar dekabrın 7-dən qüvvədədir və 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq. Yeni qərara qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15%-i həcmində olub. Yeni qərara əsasən bu malların idxal gömrük rüsumu dəyərinin 5%-i həcmində müəyyənləşib. Beləliklə, rüsumlar 10% və ya 3 dəfə azaldılıb. Bəs görəsən, bu azalma kərə yağlarının qiymətində özünü necə göstərməli idi? Bir aydan artıq vaxt keçsə də, kərə yağlarının qiymətində ucuzlaşma müşahidə edilmir. Bunun səbəblərini araşdırmaq üçün paytaxtın ən böyük marketlər şəbəkəsinə baş çəkdik. “Bazarstore” supermarketində kərə yağının qiymətləri, elə həmişəki kimi, od tutub yanırdı. Satıcıların dediyinə görə, bəzi yerlərdə kərə yağlarının qiymətində ucuzlaşma olsa da, son bir ayda “Bazarstore”da ucuzlaşma qeydə alınmayıb. Yeri gəlmişkən, alıcılar qiymətlərdən narazıdır. Bakı sakini Fərhad Quliyev  belə deyib: “Ötən ay televizorda dedilər, kərə yağının qiyməti ucuzlaşacaq. Bəs hanı? Nə vaxt gəlirik, eyni qiymətdir. Hətta bəzi yağların qiyməti artıb ki, azalmayıb”. Satıcılar onu da dedilər ki, rüsumun aşağı salındığı vaxtdan sonra – son bir ayda ölkəyə gətirilən kərə yağları, güman ki, hələ mağazaya çatdırılmadığı üçün qiymətlər də yenilənməyib: “Bu mallar əvvəldən gətirilənlərdir. Ola bilsin, yeni rüsumla gətirilənlər mağazaya veriləndə yeni qiymət olacaq”. Digər iri mağazalar şəbəkəsindən olan “Neptun” supermarketində də alıcılar eyni qaydada gileylidirlər. Nəsibə xala kərə yağlarının qiymətinin dəyişmədiyini deyir: “Deyirlər guya ucuzlaşıb, amma elə eyni şeydi...” Marketin satıcısı isə iddia edir ki, ötən aya nisbətən kərə yağlarının qiymətində 1-2 manat ucuzlaşma olub. Bunun idxal rüsumunun azaldılması ilə bağlı olub-olmadığını isə izah etmədi: “Bu, rəhbərliyin işidi, mən o səbəbi izah edəcək qədər məlumatlı deyiləm”. Qeyd edək ki, kərə yağının qiymətləri dövlət tərəfindən tənzimlənmir. Ona görə də qiymətləri idxalçıların tənzimlədiyini, nəzərə alaraq, əsas idxalçılardan olan “Veysəloğlu” MMC-dən məsələ ilə bağlı rəy öyrəndik. Şirkətin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə açıqlamasında qeyd edib ki, kərə yağının idxal rüsumunun 15%-dən 5%-ə endirilməsi əsasən MDB ölkələrindən kənardan gətirilən kərə yağına aiddir: “Yəni idxal olunan məhsulun statistik dəyərinin (əlavə dəyər vergisindən başqa) 15%-i həcmində idxal vergisi tutulurdu. “Veysəloğlu” şirkəti də kərə yağlarını MDB ölkəsindən, yəni Belarusdan idxal etdiyi üçün ölkələr arasındakı razılaşmaya əsasən, bu məhsullar idxal rüsumuna cəlb olunmurlar. Ona görə də sözügedən 15% idxal rüsumunun azaldılması bizim gətirdiyimiz yağlara şamil olunmur. Onsuz da bizim Belarusdan idxal edərək ölkədə satışını həyata keçirdiyimiz yağlarda elə bir ciddi qiymət artımı müşahidə olunmamışdı. Bizim idxal etdiyimiz Belarus yağlarının qiymətlərinə ciddi təsir edən iki əsas amil daşınma xərcləri və idxal gömrük rüsumu idi. Bizim gətirdiyimiz kərə yağları da gömrük rüsumuna cəlb edilmədiyi üçün “Veysəloğlu”nun idxal etdiyi kərə yağları ucuz başa gəlir və bazarda da ucuz qiymətə satılırdı”. İqtisadçı Natiq Cəfərli açıqlamasında bildirdi ki, kərə yağında gömrük rüsumlarının 15%-dən 5%-ə enməsi təqribən qiymətlərə 0.50-1 manat arası təsir göstərməli idi: - Hələ ki, bazarda qiymətlərə ciddi təsir etdiyini görmürük. Bunun bir neçə səbəbi var. Səbəblərdən biri odur ki, kərə yağının önəmli bir qismi Avrozonadan gətirilir və avro ilə alınır. Son zamanlar isə avronun manat qarşısında kəskin bahalaşmasını görürük. 2017-ci ilin yanvar ayı ilə müqayisədə avro təqribən 18%-ə yaxın dəyər görüb. Və bu da qiymətlərə təsir göstərir. Hətta Avrozonadan gələn kərə yağının qiymətində, gömrük rüsumlarının azalmasına baxmayaraq, artım da ola bilər. Ekspert hesab edir ki, ikinci və daha maraqlı məsələ bazar oyunçularının sayının az olmasıdır. Bazarda ölkəyə idxal edən, məhsul gətirən şirkətlərin sayı azdır. Bu da rəqabətli mühitin yaranmasına mane olan amillərdən biridir. Gömrük rüsumlarının aşağı çəkilməsi baş verib, ola bilər ki, bundan sonra bazara yeni oyunçular, yeni şirkətlər, hüquqi və fiziki şəxslər daxil olmağa, xaricdən daha çox kərə yağını gətirməyə çalışsınlar. Bu da rəqabətli mühit yarada bilər. Belə mühit yaransa, qiymətlərdə müəyyən dərəcə normallaşma, sabitləşmə, hətta ucuzlaşma da müşahidə edə bilərik. Ekspert onu da qeyd edib ki, bir müddət sonra kərə yağlarının qiymətlərində ucuzlaşma olması gözləniləndir: - Qərar yeni qüvvəyə minib və çox qısa bir zaman keçib. Ona görə də qısa bir zamanda ciddi dəyişikliklərin olmasını gözləmək də əbəsdir. Çünki bu gün bazarda satışda olan məhsulların bir çoxu hələ qərar qüvvəyə minməzdən öncə ölkəyə gətirilmiş məhsullardır və onlar gömrük rüsumunu 15%-lə ödəyiblər. Bir müddət sonra əsasən Avstraliya və Yeni Zelandiyadan gətirilən kərə yağlarının qiymətlərində 0.50-1 manat arasında ucuzlaşma ola bilər. Çünki onlar dollarla müqavilə bağlayırlar. Doların məzənnəsi də hələlik sabitdir. Xatırladaq ki, ötən ilin oktyabr ayında “Delta Qrup C.O.” MMC, “Vest Produkt Marketinq” MMC, “Azərsun Holdinq” MMC, “Dinçer və Carçıoğlu” BM, “Gulistan Baku” MMC, “Veysəloğlu” MMC və “Lactalis Caspi” MMC kimi şirkətlər Azərbaycan bazarında kərə yağının qiymətlərinin baha olması ilə bağlı istehlakçılara müraciət etmişdi. Bu müraciətdən 1 ay sonra Nazirlər Kabinetində Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldacaq qərar qəbul edildi. İdxalçılar üçün yerində verilmiş bu qərar yuxarıda adı çəkilən idxalçı şirkətlərin o qədər ürəyincə olub ki, bu gün bu haqda danışmaq belə istəmirlər. Yalnız “Veysəloğlu MMC”-də suallarımıza ətraflı cavab verdilər. Digər adıçəkilən şirkətlərin cavabdeh şəxsləri bir həftə ərzində müxtəlif səbəblər gətirərək, bu barədə danışmaqdan yayındılar... (Lent.az)