Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində təhsil müəssisələrində görüşlər davam edir.

Foodinfo.az xəbər verir ki, bu çərçivədə növbəti görüş Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilib. Tədbirdə AQTA-nın mütəxəssisləri tərəfindən "Şəkərin zərərləri", "Şəkər əvəzediciləri" və "Gündəlik qida rasionunda meyvə-tərəvəzin əhəmiyyəti" mövzularında təqdimatlar olunub. Tələbələrin nəzərinə çatdırılıb ki, şəkərdən normadan artıq istifadə edilməsi insan orqanizmində ürək-damar xəstəlikləri, ll tip diabet, piylənmə, diş çürüməsi, uşaqlarda diqqət zəifliyi və allergik reaksiyaların yaranması, yeniyetmələrdə qavrama qabiliyyətinin aşağı düşməsi, immun sistemin zəifləməsi və xərçəng xəstəliyinin bəzi növlərinin yaranma ehtimalını artırması kimi problemlər yarada bilər. Ölkəmizdə isə adambaşına düşən illik şəkər istehlakı 1995-ci ildən 2023-cü ilə qədər olan müddətdə 125% artıb. 2022-ci ildə 1 nəfərin orta hesabla 27 kq şəkər istehlak etdiyi müəyyən olunub ki, bu da gündə təxminən 74 q şəkərdən istifadə deməkdir. Qeyd edilən göstərici isə Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan 25 qramdan (6 çay qaşığı) 3 dəfə çoxdur. Bundan əlavə, 2012-ci ildən 2023-cü ilə qədər olan müddətdə əhalinin kakao, şokolad və şəkərli qənnadı məmulatları, eləcə də şirinləşdirilmiş mineral və qazlı su istehlakında 40% artım müşahidə olunub. Qeyd edilən tendensiyanın arzuolunan olmadığını bildirən mütəxəssislər sağlam gələcək üçün qida rasionunda şəkər istehlakının azaldılmasını, o cümlədən şəkər əlavə edilmiş məhsulların normadan artıq istehlak olunmamasını vacib hesab ediblər.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində ADNSU-dan əvvəl Bakı Dövlət Universitetində, Azərbaycan Kooperasiya Universitetində, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 10, 225, 234, 307 nömrəli tam orta məktəblərdə, 49 nömrəli məktəb-liseydə və 69, 117, 174, 183 və 316 nömrəli körpələr evi-uşaq bağçalarında görüşlər təşkil olunub. Təhsil müəssisəsində görüşlərin keçirilməsi ilə yanaşı, iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər də qurulacaq. Stendləri ziyarət edən şəxslərə kampaniya ilə bağlı ətraflı məlumat veriləcək, onlara müxtəlif simvolik hədiyyələr təqdim olunacaq. Aprelin 26-da isə "Qida Təhlükəsizliyi" Simpoziumu təşkil ediləcək.

Onu da bildirək ki, bu kampaniya əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə həyata keçirilir. Ötən müddətdə kampaniyaya bir sıra qurumlar və tanınmış şəxslər qoşulub. Agentlik bu məsələ ilə əlaqədar aparılan təbliğat-təşviqat işlərini də genişləndirir. Maarifləndirici məlumatlar, bukletlər və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur.