Taxıl bitkiləri ölkəmizdə və dünyada geniş şəkildə becərilən məhsullar sırasında yer alır. Qida tələbatından tutmuş müxtəlif sənaye sahələri üçün xammal ehtiyaclarının qarşılanmasına qədər demək olar hər sahədə taxıl məhsullarından istifadə olunur. Təbii ki taxıl yetişdirməyin də özünəməxsus çətinlikləri vardır. Xüsusilə taxıl sahələrində yayılan xəstəliklərə qarşı mübarizə aparmaq fermerlərin ən çox əziyyət çəkdiyi məsələlərdən biridir. Odur ki gəlin, taxıl bitkilərinin xəstəlikləri və onlara qarşı mübarizə üsulları ilə ətraflı tanış olaq.
Müxtəlif bitkilərin yetişdirilməsi ilə məşğul olan təsərrüfat sahibləri əsasən bitkilərin reproduktiv mərhələlərə (yaz aylarında) daxil olduğu dövrlərdə bitkilərin qorunmasına diqqətlə yanaşırlar. Buna səbəb əksərən bu dövrdə bitkilərin xəstəliklərə yoluxması üçün münbit şəraitin yarandığı zamandır. Müvafiq mühafizə tədbirləri eyni zamanda bitki inkişafının digər mərhələlərində də keçərlidir. Mübarizə metodu olaraq xəstəlik növünə uyğun müxtəlif bitki qoruma vasitələri tətbiq olunur. Gəlin görək,taxıl bitkilərində ən çox rast gəlinən xəstəliklər və mübarizə üsulları, vasitələri hansılardır?
İlk olaraq qeyd edək ki, mütəxəssislər xəstəliklərə qarşı nisbətən davamlı toxum növlərinə üstünlük verməyi, əkin proseduruna düzgün şəkildə əməl etməyi, ehtiyac olduğu təqdirdə gübrə tətbiqini həyata keçirməyi, sahəni müxtəlif alaq otlarından, bitki qalıqlarından təmizləməyi, həmçinin təyinatı üzrə müxtəlif funqisidlərin tətbiqini tövsiyə edir.
Unlu Şeh Xəstəliyi (Erysiphe graminis)
Unlu şeh xəstəliyi əsasən buğda, arpa, tritikale və çovdarda müşahidə olunan göbələk xəstəliyidir. Sözügedən xəstəlik bitkinin məhsuldarlığını 25%-ə qədər azalda bilər. Sərin havalarda və rütubət səviyyəsi 85%-dən yuxarı olduqda xəstəliyin yayılması sürətlənir. Erkən mərhələlərdə simptomlar yarpaqlarda sarı ləkələr şəklində müşahidə olunur. Daha sonra yarpaqlar tüklü ağ toz təbəqəsi ilə örtülür. Simptomlar adətən aşağı yarpaqlardan başlayaraq, yuxarıya doğru irəliləyir. Bundan başqa, taxıl bitkilərinin əkini zamanı məsafələrin düzgün qoyulmaması unlu şeh xəstəliyinin inkişafı üçün əlverişli şərait yarada bilər. Bitkilərin ətrafındakı rütubət səviyyəsini nizamlamaq üçün hava dövranının yaxşılaşdırılması vacibdir. Torpaqda qida maddələrinin xüsusilə azotun çatışmazlığı buğda bitkilərinin sözügedən xəstəliyə qarşı həssaslığını artırır.
Unlu şeh xəstəliyinə qarşı mübarizəyə ilkin mərhələdən başlamaq effektivdir. Belə ki, əkinə başlamazdan əvvəl sahədə qalan kövşən qalıqları məhv edilməli və toxumlar düzgün məsafə aralıqlarına uyğun əkilməlidir. Taxıl sahələri nisbi rütubətin toplanmasına və bununla da unlu şehin kütləvi yayılmasına səbəb olan alaq otlarından təmizlənməlidir. Fosfor və kalium gübrələrinin tətbiqinə üstünlük verilməli, lazım gələrsə, onları payızda və yazda azotla birlikdə qarışdırıb yemləmə şəklində vermək olar. Eyni zamanda xəstəliyə qarşı genetik müqaviməti olan buğda sortlarının əkilməsi də effektiv olacaqdır. Həmçinin, müvafiq xəstəliyə qarşı güclü təsirediciliyə malik funqisidlərin tətbiqi vacibdir.
Unlu şeh xəstəliyi ilə kimyəvi mübarizə zamanı “Prothioconazole”, “Benzovindiflupyr”, “Azoxystrobin” , “Tetraconazole”, “Flutriafol” tərkibli funqisidlərdən istifadə oluna bilər. Tətbiqdən öncə aqronomla məsləhətləşmək tövsiyə olunur.
Pestisidlər haqqında daha geniş məlumat əldə edin.
Septoria Yarpaq Ləkəsi Xəstəliyi
“Septoria tritici” adlı xəstəliktörədici mikroorqanizmlərin taxıl bitkisinə yoluxdurduğu septoriya yarpaq ləkəsi məhsuldarlığı 50% azalda bilir. Əsasən qışın əvvəlində müşahidə olunan simptomlar yarpaqlardakı uzun xlorotik ləkələrdir. Xəstəliyin yoluxduğu hissələrdə kiçik qara ləkələr müşahidə olunur və infeksiya gücləndikcə yarpaq toxuması nekrotikləşir, həmçinin, sünbülciklər də bundan təsirlənə bilər. Xəstəliyin müşahidə olunduğu ilkin əlamətlərdə təyinatı üzrə funqisidlərin tətbiqi mütləqdir. Eyni zamanda, mübarizə üsulu unlu şeh xəstəliyi ilə eynidir.
Pas Xəstəliyi
Taxıl bitkilərində sarı pas (Puccinia striiformis), qonur pas (P. recondita tritici) və gövdə pası xəstəliklərinə rast gəlinir. Əkilən buğda növündən, bölgənin iqlimindən və digər amillərdən asılı olaraq, gövdə pası mum yetişmə fazasında, sarı pas vegetasiya dövrünün əvvəlində payızda və erkən yazda, qonur pas isə süd yetişmə mərhələsində müşahidə olunur. Sarı pas xəstəliyinə yoluxan bitkinin yarpaqlarında, sünbülündə açıq-sarı rəngli, nazik ləkələr meydana çıxır. Eyni zamanda xəstəliyə yoluxan bitkinin yarpaqları saralaraq quruyur, inkişaf zəifləyir, məhsuldarlıq azalır. Xəstəliyin ilkin əlamətləri erkən yazda bitkilərin kollanma və boruyaçıxma mərhələsində üzə çıxır. Qonur pas xəstəliyinə yoluxan bitkidə su balansı pozulur, buxarlanma artır, beləliklə, yarpaqlar quruyaraq tökülür və məhsuldarlıq səviyyəsi aşağı düşür. Gövdə pası xəstəliyinin isə xarakterik əlaməti gövdə, yarpaq və bəzən isə bitkinin yerüstü hissələrində kiçik, qırmızı-qəhvəyi və ya qara rəngli ləkələrin əmələ gəlməsidir.
Müvafiq xəstəliyə yoluxan təsərrüfatda biçin qurtardıqdan dərhal sonra sahələr kövşəndən təmizlənməli, dərin şum aparılmalıdır. Xəstəliklə mübarizə üsulu olaraq, növbəli əkin sisteminin tətbiqi, xəstəliyə davamlı sortların əkilməsi, eləcə də, payızda taxıl əkiləcək sahələrin şum altına fosfor-kalium, erkən yazda isə yemləmə şəklində azot gübrəsinin verilməsi tövsiyə olunur. Mineral gübrələrin kompleks tətbiqi isə bitkilərin xəstəliyə davamlılığını artıraraq, kollanmasını stimullaşdırır.
Pas xəstəlikləri ilə kimyəvi mübarizə zamanı “Prothioconazole”, “Benzovindiflupyr”, “Azoxystrobin”, “Tetraconazole”, “Difenoconazole” tərkibli funqisidlərdən istifadə oluna bilər. Tətbiqdən öncə aqronomla məsləhətləşmək tövsiyə olunur.
Sürmə Xəstəliyi
“Ustilago tritici” mikroorqanizmləri buğda bitkisinin dənlərini toz sürmə xəstəliyinə yoluxduraraq, orada qara rəngli sürməyə oxşar örtük və ya dənin üzərində qara tozşəkilli daşlar əmələ gətirir. Sözügedən örtüyün və daşların yaranması xlamidodpor adlı orqanizmlərin sayəsində külək vasitəsilə yayılır. Torpağa düşdükdə məhv olsalar da, anbarda və bəzi yerlərdə 3-5 ilə qədər cücərmə qabiliyyətini qoruyub saxlayır.
Xəstəliyə yoluxmanın ilkin olaraq, toxumdan başladığını xüsusi vurğulamaq yerinə düşər ki, buna görə də fermerlər əkin zamanı toxum seçiminə xüsusi diqqət göstərməlidirlər. Sürmə xəstəliyinin qarşısını almaq üçün fermerlər növbəli əkin sisteminə üstünlük verməlidir. Torpaqda nisbi rütubətin 40-60%, temperaturun 5-10ºC-yə düşməsi bərk sürmə xəstəliyinin inkişafını stimullaşdırır. Buna görə də, payızlıq buğdaların səpinini optimal müddətdən bir qədər əvvələ, yəni oktyabrın əvvəllərinə keçirilməsi effektiv olacaqdır. Bundan başqa, toxumların səpinqabağı dərmanlanması tövsiyə olunur ki, bunun sayəsində toxumlar xəstəlik törədici və torpaqdakı zərərli mikroorqanizmlərdən etibarlı şəkildə mühafizə olunur. Buğdanın 2-3 il dalbadal eyni sahədə əkilməsi, xüsusilə, sürmə xəstəliyinə yoluxan sahədə təkrar əkin yolverilməzdir.
Sürmə xəstəliyi ilə kimyəvi mübarizə zamanı “Tebuconazole”, “Tolclofos-methyl”, “Imazalil” tərkibli funqisidlərdən istifadə oluna bilər. Tətbiqdən öncə aqronomla məsləhətləşmək tövsiyə olunur.
Kök Çürüməsi Xəstəliyi
Əsasən gilli torpaqlarda daha çox rast gəlinən kök çürüməsi xəstəliyi bitkilərdə 2-4 düyünə qədər olan məsafədə xarakterik qəhvəyi rənglə müşahidə olunur. Bəzən ağ sünbül əmələ gəlməsi, bitkilərin qırılması müşahidə edilə bilər. Mütəxəssislər düzgün yetişdirilmə qaydalarına əməl etməyi, xəstəliyə qarşı davamlı olan buğda sortlarına üstünlük verməyi tövsiyə edir.
Bitkilərin kök çürümə xəstəliklərinə qarşı müqavimətini artırmaq üçün şum altına səpin qabağı fosfor-kalium, çıxışdan sonra isə azot gübrəsinin tətbiqi tövsiyə olunur. Biçindən sonra sahənin bitki qalıqlarından təmizlənərək, 20-25 sm məsafədə dərin şumun aparılması torpaqda olan kökçürümə törədicilərinin aradan qaldırılmasına kömək edir.
Qovuqlu sürmə xəstəliyi (Ustilago maydis)
Qarğıdalı bitkisində qovuqlu sürmə xəstəliyi isti və rütubətli hava şəraitində geniş yayılmış göbələk xəstəliyidir. Bitkinin gövdələrində və yarpaqlarında şişlərin yaranmasına səbəb olur. Xəstəliklə mübarizə aparmaq üçün davamlı sortlardan istifadə etmək, ehtiyaca uyğun gübrələmə həyata keçirmək və sahəni alaq otlarından təmizləmək məqsədəuyğundur.
Mozaika virusu
Taxıl bitkilərinin torpaqdan yoluxduğu mozaika virusu buğda, arpa və çovdarda müşahidə olunur. Virus mənşəli bu xəstəlik torpaqda rast gəlinən nematodlar vasitəsilə yayılır. Yüngül yoluxma zamanı 10-30%-ə, xəstəliyin geniş yayıldığı zaman isə 50%-ə qədər məhsul itkisinə səbəb ola bilər. Bu xəstəliklə mübarizə aparmaq üçün xüsusi kimyəvi metod yoxdur. Ancaq yayılmasının qarşısını almaq üçün sahədə istifadə olunan bütün alətlər və avadanlıqlar 3%-li natrium hipoxlorit, 2%-li natrium hidroksid və ya 2%-li formalin məhlulları ilə dezinfeksiya edilməlidir.
Qeyd edək ki, taxıl bitkiləri ölkəmizdə və dünyada qida təlabatının, habelə müxtəlif xammal ehtiyaclarının qarşılanmasında aparıcı qüvvə olaraq çıxış edir. Odur ki fermerlərə məhsul yetişdirilməsi zamanı mütləq şəkildə əkin qaydalarına əməl etmək tövsiyə olunur. Bitki qoruma və qidalandırma vasitələrini təyinatına, normasına uyğun istifadə etmək mütləqdir. Bu keyfiyyəti və məhsuldarlığı yüksəldərək, eləcə də təsərrüfat sahələrinin və sağlamlığımızın qorunmasını təmin edir.
Taxıl xəstəliklərinə qarşı dərmanların satışı
Fermerlər yetişdirdikləri taxıl bitkilərində müşahidə olunan xəstəliklərlə mübarizə aparmaq üçün keyfiyyətli funqisid çeşidlərini ölkəmizin müxtəlif bölgələrində 200-dən çox satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsinə yaxınlaşaraq əldə edə bilər. Eyni zamanda, təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az veb saytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin bitki qoruma və bitki qidalandırma vasitələrini əldə etmək mümkündür.
Funqisidlərin qiyməti
gubre.az aqrar ticarət şəbəkəsi tərəfindən fermerlərə təqdim olunan funqisid çeşidlərinin qiyməti ilə linkə daxil olaraq tanış ola bilərsiniz.