Respublikada taxıl biçini davam edir. Artıq ölkə üzrə arpa sahələrinin yarıdan çoxunda biçin başa çatıb. Bu il ayrı-ayrı rayonlarda arpa üzrə məhsuldarlıq ötən ilə nisbətən çox yüksəkdir. 18 rayonda orta məhsuldarlıq respublika göstəricisindən yuxarıdır.
AZƏRTAC xəbər verir ki, bu il Tərtər rayonunda 10 min 600 hektar sahədə taxıl, o cümlədən 4542,9 hektar sahədə arpa, 6056,9 hektarda buğda əkilib. Tərtər Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev bildirib ki, sahələrdə bol məhsul yetişib. Taxıl biçininə ilk olaraq təmas xəttinə yaxın ərazilərdən başlanılıb. Artıq arpa sahələrinin 2362 hektarında biçin başa çatıb. Tərtərli fermerlər sahələrdən bugünədək 8031 ton məhsul toplayıblar. İlkin yığımda orta məhsuldarlıq 34 sentnerdir.
Bu il respublika üzrə də taxılın məhsuldarlığı yüksəkdir. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov bildirib ki, ümumilikdə respublikada bugünədək taxıl zəmilərinin 21,9 faizində biçin başa çatıb, 221 min 394,4 hektar sahədən 683 min 225 ton məhsul yığılıb. Respublika üzrə orta məhsuldarlıq hər hektardan 30,9 sentner, o cümlədən arpa üzrə 30,6 sentner, buğda üzrə 32,9 sentner təşkil edir. Məhsudarlığın yüksək olmasında yeni subsidiya mexanizminin tətbiqi də mühüm rol oynayıb. Bir həftə ərzində arpa biçininə yekun vurulacaq və həm aran, həm də dağətəyi rayonlarda paralel biçin aparılacaq.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iyunun 14-15-də narıncı zonaya daxil olan şəhər və rayonlarla yanaşı, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarında da sərtləşdirilmiş karantin rejimi tətbiq edilib. Lakin Nazirlər Kabineti bu rayonlarda aktiv taxıl biçini getdiyini nəzərə alaraq fermerlərin və mexanizatorların müvafiq arayış əsasında sahələrə çıxmasına icazə verib. Sərtləşdirilmiş karantin rejimi Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarında biçinə necə təsir edib?
Vüqar Hüseynov bildirib ki, fermerlərə və mexanizatorlara taxıl biçininə icazə verilməsi yerli icra hakimiyyəti orqanlarının arayışı əsasında həyata keçirilir. Sərtləşdirilmiş karantin rejimi tətbiq edilən rayonlarda taxıl biçini maneəsiz davam edir. Fermerlər karantin rejiminin tələblərinə uyğun olaraq, xüsusi maska və əlcəklərlə təchiz olunaraq biçin aparırlar. Həmin rayonlarda taxıl biçini prosesində heç bir fasilə yaranmayıb.
Qeyd edək ki, bu il Azərbaycanda 1 milyon 10 min 218 hektar sahədə payızlıq taxıl əkilib. Bunlardan 640 min 977,6 hektarı buğda, 369 min 240,4 hektarı arpa sahələridir.