Tez köhnələn qidanın zəhərlənməyə səbəb olma ehtimalı da yüksəkdir. Xüsusilə bazarlarda, küçələrdə, metrostansiyaların yaxınlığında üstü açıq şəkildə, yaxud səbət və vannanın içərisində satılan balıq ölüm təhlükəsi saçır. Xatırladaq ki, 2017-ci ildə əhali arasında 362 qida zəhərlənməsi halı baş verib, 6 nəfər bu zəhərlənmədən dünyasını dəyişib. Ölüm halları ev şəraitində hazırlanmış turşulardan baş verib. "Bu ilin ilk 6 ayı ərzində isə ötən illə müqayisədə qida zəhərlənmələrində 38,5% azalma qeydə alınıb". Bunu redaksiyamıza açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev bildirib. Onun sözlərinə görə, 2018-ci ilin ilk 6 ayı ərzində 187 qida zəhərlənməsi qeydə alınıb: "Ölüm halı olmayıb. Səhiyyə Nazirliyinin "Qaynar xətti"nə müraciətlər, əsasən Abşeron və Sumqayıtdan daxil olub". Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mansur Piriyev isə bildirib ki, qida təhlükəsizliyi ilə bağlı həyata keçirilən monitorinqlər və yoxlamalar zamanı Bakıətrafı qəsəbələrdə və ölkəmizin müxtəlif regionlarında sanitar-gigiyenik tələblərə cavab verməyən, ev şəraitində kustar üsulla balıqların hislənməsi halları aşkar olunub: "Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən şəxslərə xəbərdarlıq edir ki, bu şəraitdə hazırlanan məhsullar insan sağlamlığı üçün ciddi fəsadlar törədə, hətta əhali arasında ölümlə nəticələnə biləcək hallara səbəb ola bilər. Agentlik tərəfindən bu cür qanuna zidd fəaliyyətlərin qarşısının alınması üçün qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək". M.Piriyev qeyd edib ki, monitorinqlər hazırda davam edir. Balıq zəhərlənməsindən necə qorunmaq olar? Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı redaksiyamıza açıqlamasında bildirib ki, balığı yalnız buzlu soyuduculardan almaq lazımdır: "Balıq, göbələk və konservlər də daxil olmaqla 1-ci növ riskli məhsullar siyahısındadır. Balığın qulağının altı tünd qırmızıdırsa və orada selikli qişalar əmələ gəlibsə, gözü batıqdırsa deməli müddəti ötüb. Balığı qoxlamaqla da köhnə olub-olmadığını təyin etmək mümkündür. Məhsulun buzlu soyuducularda satışı yalnız "Yaşıl Bazar"da həyata keçirilir. "Təzə Bazar"da isə balığın haradan gətirildiyi məlum deyil". Qurum sədri qeyd edib ki, istehlakçıların köhnə, keyfiyyətsiz balığı, yararlılıq müddəti keçməmiş dövrdə qaytarıb pullarını 100% həcmində geri almaq hüququ var: "İstehlakçının hüququ var ki, satıcıdan məhsulun tutulma vaxtı və son istifadə tarixi haqqında soruşsun. Əksər vaxt qida zəhərlənmələrində məhsulu istehsal edən müəssisənin adı çəkilmir. Çünki əvvəllər Səhiyyə Nazirliyi, hazırda isə Qida Təhlükəsizliyi Agentliyi həmin qurumlara gigiyenik sertifikat verir. Sertifikat verən orqanla nəzarət edən orqan bir-birindən ayrılmalıdır. Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətini dəstəkləyirik, lakin bütün səlahiyyətlərin qurumun əlində cəmləşməsi "maraqlar konflikti"dir. Bu gedişlə müsbət nəticə əldə etmək mümkün olmayacaq". (Kommersant.az)