“İsti çörək mədə üçün çox təhlükəlidir”
Son illərdə tez-tez gündəmə gələn mövzulardan biri zavod çörəklərinin keyfiyyətidir. İstehlakçıların çörəklərdə müxtəlif iy və dad hiss etdikləri ilə bağlı şikayətləri dəfələrlə mətbuatda dərc edilib. Müvafiq rəsmi qurumlar tərəfindən çörək sexlərində reydlər keçirilsə də, vəziyyətin hələ ürəkaçan olduğunu demək olmaz. Bəs görəsən hər gün yediyimiz bu çörəklərin keyfiyyəti necədir? İnsan sağlamlığına ziyanlı olan nəsə qatılırmı?
Çörək istehsalçılarının rəsmi məlumatlarına əsasən zavod çörəyinin tərkibi belədir: buğda unu, içməli su, şəkər, xörək duzu, xəmir mayası.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Foodinfo.az-a deyib ki, zavod çörəklərindən benzin və neft iyinin gəlməsi zavodlarda avadanlıqların yağlanmasında neft və neft tərkibli vasitələrdən istifadə edilməsi ilə bağlıdır. Buna görə də iy və dad da çörəklərə keçir. E.Hüseynovun sözlərinə görə, əhalinin əsas narazılıqlarından biri çörəklərdə çəki və qiymətin uyğun gəlməməsi ilə bağlıdır. O, bunu azad bazar iqtisadiyyatı ilə izah edib. Təşkilat sədrinin sözlərinə görə, bazarda kim necə istəyirsə, qiymət və çəkiyə elə də müdaxilə edir. Ekspert çörəklərə qatılan maddələr haqqında isə bunları deyib: “Çörəkləri uzun müddət saxlamaq üçün müxtəlif qatqılar əlavə edirlər. Bildiyimiz kimi, çörəklərin saxlanma müddəti maksimum 72 saatdır. Bu müddətdən daha çox vaxt ərzində yumşaq qalan çörəklərə kimyəvi maddələr vurulur. Ümumiyyətlə, insanlarımız marketlərdə üzərinə saxlama müddəti yazılmayan çörəkləri almasınlar. Bu, onların sağlamlığı üçün birbaşa təhlükəlidir”.
Problemlərin təkcə çörək istehsalında olmadığını deyən Birlik sədri unlarda da müxtəlif problemlərin müşahidə edildiyini söyləyib: “Belə ki, unu da uzun müddət saxlamaq üçün tərkibinə müxtəlif maddələr qatılır. Həmin maddənin adını dəqiq bilməsəm də, bu, təsdiq olunmuş bir şeydir. Ona görə də indiki dövrdə bir çox insandan “əvvəlki çörəklərin dadı fərqli idi”, “indiki çörəkdən başqa dad gəlir” kimi ifadələr çox eşidirik”.
E.Hüseynov sonda hər kəsə məsləhət görüb ki, insanlar çörəkləri isti şəkildə yeməsinlər: “Bu, mədə üçün çox təhlükəlidir”.
Foodinfo.az