Türkiyədə kənd təsərrüfatı, qida və içki sektoru 10 ayda 21,29 milyard dollarlıq ixracat həyata keçirib. Türkiyə Statistika İdarəsi (TÜİK) Xarici Ticarət Məlumatlarına əsasən, kənd təsərrüfatı, qida və içki sektoru 2023-cü ilin 10 ayında keçən ilin eyni dövrünə görə 5,64 faiz artımla 21,29 milyard dollarlıq ixracat edib.
Sözügedən dövrdə 1 milyard 237,6 milyon dollarlıq ixracatda önə çıxan məhsullar arasında un birinci yeri tutub. Sonra 800,8 milyon dollarlıq satışla təmizlənmiş günəbaxan yağı və 728,2 milyon dollarlıq fındıq ləpəsi gəlir. 10 ayda Türkiyədən ən çox ixracat edilən ölkə 2 milyard 564 milyon dollarla İraq olub.
Ondan sonra Almaniya (1 milyard 524 milyon dollar), Rusiya (1 milyard 424 milyon dollar), ABŞ (1 milyard 295 milyon dollar) və İtaliyadır (976 milyon dollar). İraqa daha çox un, dondurulmuş toyuq əti, qırmızı mərcimək, Almaniyaya qablaşdırılmış fındıq, fındıq ləpəsi, albalı, Rusiyaya alabalıq, şaftalı və naringi məhsulları ixrac edilib.