Qreypfrut şirəsi sağlam içki kimi tanınsa da, onun həddindən artıq istifadəsi gözlənilməz problemlərə səbəb ola bilər. Xüsusilə gün ərzində tez-tez və az-az içilməsi diş sağlamlığı üçün risk yaradır.
Foodinfo.az Lenta.ru saytına istinadla xəbər verir ki, nutrisoloq qreypfrut şirəsinin yüksək turşuluğa malik olduğunu və bunun diş minasının zəifləməsinə səbəb ola biləcəyini bildirib. Mütəxəssisin sözlərinə görə, belə hallarda mina nazikləşir və dişlər daha həssas olur.
Bundan əlavə, qreypfrutun tərkibində olan furanokumarinlər orqanizmdə mühüm fermentlərdən birini bloklaya bilər. Bu isə bəzi dərmanların təsirini dəyişdirərək yan təsirlərin artmasına səbəb ola bilər. Buna görə də dərman qəbul edərkən qreypfrut şirəsi içmək tövsiyə olunmur.
Mümkün zərərin qarşısını almaq üçün şirəni yemək zamanı içmək və qida qəbulundan sonra ağızı su ilə yaxalamaq məsləhət görülür. Bu sadə qaydalar həm diş minasını qorumağa, həm də ümumi sağlamlığı dəstəkləməyə kömək edir.






