Yaş artdıqca orqanizmin qida maddələrinə olan tələbatı dəyişir və düzgün qidalanma daha da vacib olur. Foodinfo.az 1001sovet saytına istinadla xəbər verir ki, mütəxəssislər 50 yaşdan sonra bəzi ət növlərinin rasiona daxil edilməsini xüsusilə tövsiyə edirlər.

Araşdırmalara görə, müəyyən ət növləri orqanizmin normal fəaliyyəti üçün vacib olan amin turşuları, vitaminlər və faydalı yağlarla zəngindir. Bu qidalar həm enerji təmin edir, həm də ürək-damar sistemi və maddələr mübadiləsinə müsbət təsir göstərir.

Ən faydalı seçimlərdən biri mal ətidir. Bu məhsul zülal və dəmir baxımından zəngindir, həmçinin B qrupu vitaminləri ilə təmin edir. Mütəmadi istifadə edildikdə qan dövranını yaxşılaşdırır, damarları möhkəmləndirir və ürəyin fəaliyyətinə dəstək olur.

Quzu əti də sağlam seçimlər sırasındadır. Digər bəzi ət növləri ilə müqayisədə daha az xolesterin ehtiva edir və tərkibindəki lesitin sayəsində qanda yağ balansının tənzimlənməsinə kömək edir. Bununla belə, həzm problemləri olan şəxslər bu məhsulu ehtiyatla qəbul etməlidirlər.

Daha yüngül və dietik seçim kimi dovşan əti xüsusilə seçilir. Yüksək zülal tərkibinə malik olmaqla yanaşı, orqanizm tərəfindən asan mənimsənilir və aşağı xolesterin səviyyəsi ilə seçilir. Bu xüsusiyyətlərinə görə o, həm yaşlılar, həm də həssas orqanizmə malik insanlar üçün uyğun hesab olunur.

Mütəxəssislər qeyd edirlər ki, ət məhsullarının düzgün hazırlanması və balanslı şəkildə qəbul edilməsi sağlamlığın qorunmasında əsas rol oynayır. Bu yanaşma ilə 50 yaşdan sonra da aktiv və enerjili həyat tərzi sürmək mümkündür.