“EurekAlert” portalının xəbərinə görə, İngiltərənin Surrey Universitetinin tədqiqat qrupu müəyyən edib ki, gecikmiş səhər və erkən şam yeməklərinin birlikdə təsiri arıqlamağa kömək edir.
Pilot tədqiqatı zamanı alimlər yemək vaxtının dəyişdirilməsinin qida rasionuna və orqanizmdə metabolik proseslərə, həmçinin diabetin və ürək xəstəliklərinin inkişafına təsirini araşdırıblar. Eksperimentdə 29-57 yaş arası 16 könüllü iştirak edib. Onlardan doqquzu on həftə müddətində səhər yeməyini həmişəkindən saatyarım gec, şam yeməyini isə 90 dəqiqə tez yeyiblər. Qalan yeddi nəfər yemək vaxtını dəyişməyib. İştirakçıların hamısı ənənəvi qida rasionunu saxlayıb və pəhrizə ciddi riayət edib.
Məlum olub ki, qidalanma vaxtını dəyişənlər orta hesabla iki dəfə çox arıqlayıb. Onlarda həmçinin iştahanın və qida qəbulu arasında fasilədə qəlyanaltıların azalması müşahidə olunub.
Tədqiqatın müəlliflərindən doktor Conatan Conston bildirib ki, kiçik olmasına baxmayaraq, bu eksperiment qidalanma vaxtının dəyişməsinin orqanizmə faydası barədə bizə qiymətli məlumatlar verdi. Onun sözlərinə görə, piy çöküntülərinin azalması piylənmə ehtimalını azaldır və orqanizmin ümumi vəziyyətini yaxşılaşdırır.
Alimlər qeyd edirlər ki, əldə olunan nəticələrdən qidalanmaya dair elmi əsərlərdə geniş istifadə ediləcək. (Azərtac)