Hər səhər baş ağrısı ilə oyanmaq bir çox insanın qarşılaşdığı vəziyyətdir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu hal sadəcə yorğunluq və ya yuxusuzluqla bağlı olmaya bilər. Səhər saatlarında başlayan baş ağrıları bəzən ciddi sağlamlıq problemlərinin ilkin əlaməti kimi qiymətləndirilir.

Foodinfo.az xəbər verir ki, səhər baş ağrısına səbəb ola biləcək əsas amillər arasında yuxu apnesi, yüksək qan təzyiqi, aşağı qan şəkəri, stress və beyin daxili təzyiqin artması kimi hallar yer alır.

Xüsusilə yuxu apnesi və hipertoniya zamanı beyin gecə ərzində kifayət qədər oksigen ala bilmir, bu da səhər oyanarkən başda ağırlıq və sıxılma hissi ilə özünü göstərir.

Bundan əlavə, yanlış yuxu mövqeyi, sıx yastıq, susuz qalmaq və kofein asılılığı da səhər baş ağrılarının digər səbəbləri arasında sayılır.

Əgər bu ağrılar hər səhər təkrarlanırsa və bulanma, görmə zəifliyi, başgicəllənmə və ya ətraflarda keyimə kimi simptomlarla müşahidə olunursa, bu zaman dərhal həkimə müraciət etmək vacibdir.

Həkimlərin fikrincə, səhər baş ağrıları bəzən sadə yorğunluq əlaməti olsa da, yuxu pozğunluqları və ya təzyiq problemləri kimi daha ciddi xəstəliklərin xəbərçisi ola bilər. Buna görə də müntəzəm müayinə və sağlam həyat tərzi baş ağrılarının qarşısını almağın ən təsirli üsulu hesab olunur.