Kaliforniya Universitetinin (San-Dieqo) alimləri müəyyən ediblər ki, yalnız yeddi gün intensiv meditasiya beyin və qan biokimyasında əhəmiyyətli dəyişikliklər yaradır. Foodinfo.az “Communications Biology” jurnalına istinadla xəbər verir ki, təcrübədə 20 könüllü yeddi günlük retreytə qatılıb. Proqram meditasiya ilə yanaşı, “beyin-bədən” yanaşmasını, kognitiv yenidən düşünmə və açıq plasebo texnikalarını əhatə edib, burada müsbət təsir inam və iştirakla əldə olunur.
Funksional MRT ilə aparılan yoxlama göstərib ki, retreytdən sonra özünü-refleksiya və emosional nəzarətə cavabdeh şəbəkələrin fəaliyyəti azalır, beynin işləmə tərzi isə daha bütöv və çevik olur. Alimlər qeyd ediblər ki, bu dəyişikliklər psixodeliklərin təsirinə bənzəyir, lakin təbii yolla əldə olunub.
Bundan əlavə, iştirakçıların qanında neyroplastiklik və neyronların böyüməsi ilə əlaqəli zülalların səviyyəsi artıb. Beyin hüceyrələri yeni çıxıntılar yaratmağa daha sürətli başlayıb, orqanizm isə enerjidən daha səmərəli istifadə edib və iltihabı tənzimləyib. Xüsusilə “xoşbəxtlik hormonları” – endogen opioidlər artıb, bu da könüllülərdə dərin rahatlıq və rifah hissini izah edir.
Tədqiqat rəhbəri Hemal Patel bildirib ki, nəticələr göstərir ki, zehnin fiziologiyaya təsir etmək gücü böyükdür. Yeddi gün şüurlu praktikalarla həm beyin, həm də bədən metabolizmdən neyron şəbəkələrinin fəaliyyətinə qədər dərin dəyişikliklər yaşayır.






