Kartof bəşər tarixində yetişdirilən ən qiymətli ərzaq növlərindən biridir. Bəzi slavyan ölkələrində “ikinci çörək” adlandırılan kartof mətbəxdə geniş istifadə edilir. Çox az xörək, qəlyanaltı və salat tapmaq olar ki, onun hazırlanmasında kartofdan istifadə edilməsin. Əvvəllər kartofdan ərzaq kimi istifadə olunmurdu. Almaniyada dekorativ bitki kimi onu park və bağlarda əkir, Fransada isə qadınlar kartof çiçəkləri ilə saçlarını bəzəyirdilər.
Rusiyada ilk dəfə kartofun dadına I Pyotr baxıb. İlk dəfə fri-kartof Amerika prezidenti Tomas Cefersonun aşpazı tərəfindən qonaqlar üçün hazırlanıb. 2000-ci ildə Belarusun paytaxtı Minskdə kartofa heykəl qoyulub. 2008-ci ildə isə BMT tərəfindən “Kartof ili” elan edilib. Kartof eyni zamanda çəkisizlik şəraitinə düşən ilk tərəvəzdir. 1995-ci ildə onu “Kolumbiya” kosmik gəmisində də yetişdiriblər.
Statistikaya görə, il ərzində hər ABŞ vətəndaşı il ərzində 60, almanlar 120, belaruslar 180 kiloqram kartof yeyir. İslandiyada ən yaxşı içki növlərindən biri kartofdan hazırlanır.
Kartof qanda xolesterinin tərkibini aşağı salır, arterial təzyiqin tənzimlənməsinə kömək edir. Sellüloza və pektin maddələri ilə zəngin olan kartof bağırsaqlar üçün çox faydalıdır. Kartof nişastası əsasında bişirilən kisel mədə və bağırsağı təmizləyir, toplanan zərərli maddələri aparır, iltihab əleyhinə təsir göstərir, selikli qişanın bərpa olunmasına kömək edir. Çiy kartof şirəsi qıcqırmanı aradan qaldırır, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi zamanı müalicəni sürətləndirir. Kartofdan kosmetoloji məqsədlərlə də istifadə olunur.