Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) dekabrın 17-dən Azərbaycanın daha 3 müəssisəsinin RF-yə pomidor və alma tədarük etməsinə icazə verib. Foodinfo.az xəbər verir ki, bu barədə qərar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə Azərbaycanın səlahiyyətli qurumu tərəfindən müəssisələrdə aparılan fitosanitar monitorinqin nəticələrinə əsasən qəbul edilib. Hazırda Azərbaycanın 214 pomidor istehsalı müəssisəsi, 1 kooperativi və 79 alma istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracı həyata keçirilir. “Rosselxoznadzor” ötən il dekabrın 10-dan Azərbaycandan alma və pomidorun tədarükünə məhdudiyyətlər qoyub. Adıçəkilən məhsullarda Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta (Povolny) və şərq almaqurdunun (Grapholita molesta (Busck) aşkarlandığı bildirilib.