Halal standartlar dövrün ən aktual məsələlərindəndir. Halal sertifikatı verən orqan mütləq şəkildə akkreditasiya olunmalıdır.
Foodinfo.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsi zamanı Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov bildirib.
Onun sözlərinə görə, bu akkreditasiyaya dair SMIIC-in öz standartları var. Ancaq akkreditasiya tələblərinə cavab verən və akkreditasiya olunan orqan halal məhsula dair uyğunluq sertifikatı verə bilər.
“Yalnız bundan sonra halal məhsullara dair halal nişan və halal sertifikatı verən orqanın nişanı vurula bilər. Təəssüf ki, bazarda bu sahədə sui-istifadə hallarına yol verilir. Bəzi məhsullarda “halal” sözündən istifadə edilir ki, bu, aldadıcıdır. İstehlakçıların aldadılması qanunvericiliklə qanun pozuntusu sayılır və cərimə tətbiq olunur. Hazırda AZSTAND Halal Akkreditasiya Qurumundan akkreditasiya olunma mərhələsindədir. Eyni zamanda, biz həm ölkə daxilində, həm halal məhsul istehlak edən İslam ölkələrinə Azərbaycandan halal məhsulların ixracına şərait yaratmaq üçün Qazaxıstanın Standartlaşma İnstitutu və Türk Standartlar İnstitutu ilə müqavilələr imzalamışıq. Bu müqavilələr əsasında biz həmin qurumlarla birlikdə ixrac olunan məhsulların sertifikatlaşmasını həyata keçirə bilirik. Ölkədə akkreditasiya olunmuş qurumların sayı artırılmalıdır. Akkreditasiya olmaq o qədər də sadə proses deyil. İctimai maariflənmə genişləndirilməlidir ki, istehlakçılarımız aldanmasın”, - deyə İlham Bayramov əlavə edib.