Soyuq ayların təsiri ilə bazara çıxarılan avokadoların çoxu yetişməmiş, yəni bərk olur. Foodinfo.az xəbər verir ki, avokadonun tam yetişməsi həm dad, həm də qida dəyəri baxımından vacibdir. Bərk avokadonu yumşaltmağın bir neçə sadə və təhlükəsiz üsulu mövcuddur.

1. Kağız paket üsulu:

Avokadonun ən sağlam şəkildə yumşaldılması onu banan və ya alma ilə birlikdə kağız paketə qoymaqdır. Bu meyvələr etilen qazı yayaraq avokadonun 1–2 gün ərzində yumşalmasını sürətləndirir. Paket bağlanmalı, otaq temperaturunda saxlanmalıdır.

2. Soba metodu:

Tez nəticə istəyənlər üçün avokadonu sobaya yerləşdirmək də mümkündür. Bunun üçün meyvə folqa ilə bükülərək 90–100°C temperaturda 10–15 dəqiqə saxlanır. Bu üsul avokadonu tez yumşaldır, lakin dadında bir qədər dəyişiklik ola bilər.

3. Otaq temperaturunda yetişdirmə:

Ən təbii üsul avokadonu sadəcə otaq temperaturunda 2–4 gün saxlamaqdır. Soyuducuda saxlanılan bərk avokadolar heç vaxt düzgün yumşalmır, buna görə əvvəlcə otaq temperaturuna gətirilməsi vacibdir.

Qida mütəxəssisləri xəbərdarlıq edir ki, avokadonu mikrodalğada yumşaltmaq məsləhət görülmür. Bu üsul meyvənin strukturunu və dadını zədələyə bilər.

Bərk avokadoyu düzgün üsulla yumşaltmaq həm daha ləzzətli, həm də daha faydalı istehlak imkanı yaradır.