Qarabaşaq həm qida dəyəri, həm də sağlamlığa təsiri baxımından ən faydalı taxılvari bitkilərdən biridir. Tərkibi vitamin, mineral, lif və antioksidantlarla zəngindir və həm pəhriz, həm də gündəlik qidalanmada xüsusi yer tutur.

Foodinfo.az qarabaşağın əsas faydalarını təqdim edir:

1. Qan şəkərini tənzimləyir

Aşağı qlisemik indeksə malik olduğu üçün qan şəkərinin sürətli qalxmasının qarşısını alır. Bu səbəbdən şəkərli diabet riski olanlar üçün tövsiyə olunur.

2. Ürək-damar sağlamlığını dəstəkləyir

Qarabaşaq “pis xolesterin”i (LDL) azaltmağa kömək edən lif və antioksidantlarla zəngindir. Bu isə ürək-damar xəstəlikləri riskini azaldır.

3. Arıqlamağa kömək edir

Tərkibində yüksək miqdarda lif və bitki mənşəli protein olduğu üçün uzun müddət toxluq hissi yaradır və iştahanı azaldır.

4. Bağırsaq sağlamlığını yaxşılaşdırır

Liflə zəngin olması bağırsaq fəaliyyətini tənzimləyir, qəbizliyin qarşısını alır və sağlam mikrofloranın bərpasına kömək edir.

5. Qanazlığının qarşısını alır

Tərkibində dəmir, fol turşusu və B qrup vitaminləri var. Bu maddələr anemiyanın qarşısının alınmasında mühüm rol oynayır.

6. Qlütensizdir

Əslində taxıl deyil – toxumdur. Odur ki, qlütenə həssaslıq və çölyak xəstəliyi olanlar üçün təhlükəsizdir.

7. Enerji verir

Yavaş həzm olunan kompleks karbohidratlar sayəsində enerjini uzun müddət qoruyur. İdmançılar və aktiv həyat tərzi olanlar üçün uyğundur.

8. Dərinin və saçların sağlamlığına müsbət təsir edir

Antioksidantlar və B vitaminləri dəri yenilənməsini sürətləndirir, saç və dırnaqları möhkəmləndirir.