Qidalanma beyin sağlamlığına birbaşa təsir göstərir və düzgün seçilmiş rasion yaddaşın möhkəmlənməsində mühüm rol oynayır. Şəkər və zərərli yağlarla zəngin qidalar yaddaşa mənfi təsir etdiyi halda, bitki mənşəli məhsullar beyin fəaliyyətini dəstəkləyir. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, alimlər qidalanma ilə bağlı aparılan çoxsaylı araşdırmaların nəticələrinə əsaslanaraq beyin üçün xüsusilə faydalı olan məhsulları müəyyən ediblər.

Araşdırmalara görə, çay, alma və giləmeyvələr yaddaş mərkəzi sayılan hipokampın fəaliyyətini yaxşılaşdırır. Yaşlı şəxslərin iştirakı ilə aparılan uzunmüddətli tədqiqatlar göstərib ki, bu məhsullarda olan flavanollar yaşla bağlı yaddaş zəifləməsinin qarşısını almağa kömək edir. Xüsusilə yaşıl çay tərkibindəki L-teanin sayəsində beyin hüceyrələrini qoruyur və rahatladıcı təsir göstərir. Qeyd olunur ki, şokolad emal zamanı faydalı maddələrini itirdiyi üçün yaddaşı gücləndirən qida hesab edilmir.

Beynin təxminən altmış faizi yağlardan ibarətdir və bunun yarısını omeqa-üç yağ turşuları təşkil edir. Bu baxımdan siyənək, qızılbalıq, forel və sardina kimi yağlı balıqlar beyin üçün vacib sayılır. Mütəxəssislər həftədə ən azı iki dəfə bu cür balıqların qəbulunu tövsiyə edirlər. Araşdırmalar göstərir ki, müntəzəm balıq yeyən şəxslərin beynində qərarvermə və yaddaşa cavabdeh olan sinir hüceyrələri daha fəal olur.

Qəhvə də beyin üçün faydalı içkilər sırasındadır. Onun tərkibindəki kofein və antioksidantlar diqqəti artırır, yorğunluğu azaldır və əhvalı yaxşılaşdırır. Alimlərin fikrincə, gündə üç-dörd fincan qəhvə içilməsi Parkinson və Alsheymer kimi sinir sistemi xəstəliklərinin riskini azalda bilər.

Sarıkök də beyin üçün faydalı hesab olunur. Bu ədviyyənin tərkibində olan maddə beyin hüceyrələrinə birbaşa təsir göstərərək yeni hüceyrələrin yaranmasını stimullaşdıra bilər. Araşdırmalar sarıkökün yaddaşı gücləndirdiyini, həmçinin ruh düşkünlüyünün yüngülləşməsinə kömək etdiyini göstərir. Lakin qeyd olunur ki, gündəlik qidalanmada qəbul edilən miqdar elmi tədqiqatlarda göstərilən təsiri tam şəkildə verməyə bilər.

Brokoli və balqabaq tumları isə K vitamini ilə zəngindir. Bu vitaminin yaddaşın yaxşılaşması ilə əlaqəli olduğu bildirilir. Balqabaq tumları eyni zamanda maqnezium, dəmir, sink və mis kimi beyin üçün vacib mineral maddələr ehtiva edir. Bu maddələrin çatışmazlığı sinir sistemi problemlərinə səbəb ola bilər.

Qoz-fındıq, xüsusilə qoz, beyin fəaliyyətini dəstəkləyən məhsullar sırasında yer alır. Araşdırmalar göstərir ki, gündə az miqdarda qoz-fındıq qəbul edən şəxslərin yaddaşı və zehni fəaliyyəti daha yaxşı olur. Bu məhsullar omeqa-üç yağ turşuları, E vitamini və antioksidantlarla zəngindir.

Portağal isə C və B9 vitaminlərinin əsas mənbələrindən biridir. Bu vitaminlər yaddaşın möhkəmlənməsinə, diqqətin artmasına və beyin funksiyalarının qorunmasına kömək edir. Alimlər vurğulayırlar ki, orqanizm C vitaminini özü sintez etmir, buna görə də bu vitamini qida vasitəsilə almaq vacibdir.

Yumurta da beyin üçün faydalı qidalar sırasındadır. Onun tərkibində olan xolin və B qrupu vitaminləri sinir hüceyrələrinin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Bu maddələrin çatışmazlığı yaşlılarda yaddaş problemlərinə və zehni zəifləməyə səbəb ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, yaddaşı gücləndirmək üçün təkcə düzgün qidalanma kifayət etmir. Daim öyrənmək, məlumatları təkrarlamaq, fəal sosial həyat sürmək və zehni məşqlərlə məşğul olmaq da beyin sağlamlığının qorunmasında mühüm rol oynayır.