Düzgün qidalanma sağlam dəriyə bərabərdir.

Qidalanma və Pəhriz Mütəxəssisi, diyetoloq Ayşegül Akkaya Erden günəşdən zədələnən, yaşdan dolayı mənfi təsirlənən dərimizin sağlamlığını və gözəl görünüşünü qorumaq üçün qidalanma və suyun əhəmiyyətini vurğulayıb.

Diyetoloq yağlı, duzlu, şəkərli və karbohidrat tərkibli qidalardan uzaq durmağı tövsiyə edib: "Dərinin parlaqlığını və hamarlığını itirməsi yorğunluq və qeyri-sağlam qidalanma əlamətləri ola bilər.  C, E, A, K və B kompleks vitamin və mineralları dəri sağlamlığına faydalıdır və dəri üzərində müsbət təsir göstərir. Xüsusilə, C və E vitamini və mineralların antioksidan xüsusiyyətləri sayəsində dəri hüceyrələrində DNT zədələnməsini azaldaraq dəri baryerini gücləndirir".

Qidalanmada C vitamini tərkibinə diqqət yetirilməli olduğunu vurğulayan diyetoloq, sitrus meyvələri, brokoli, gül kələmi kimi qidaların C vitamini qaynağı olduğunu söyləyir. O bildirir ki, tərkibində A vitamini olan qidalar nəmləndirici təsiri ilə toxumaların bərpasını da dəstəkləyir, xətt və qırışları azaldır. O, həmçinin B kompleks vitaminlərindən biri olan biotinin dəri, dırnaq və saç hüceyrələrində olan vacib bir qida maddəsi olduğunu söyləyib. 

Selenin günəşin zərərli təsirlərinə qarşı qoruyucu olduğunu ifadə edən Erden selenin bütün taxıl qrupları, dəniz məhsulları, sarımsaq və yumurtada olduğunu söyləyir. Diyetoloq həmçinin sink və misin dərinin elastikliyini artırdığını bildirir və bu mineralları ehtiva edən qidaları tövsiyə edir. Bununla belə, o deyir ki, dəri sağlamlığına mənfi təsir göstərən qidalardan uzaq durmaq lazımdır.

Diyetoloq qeyd edib ki, yaşla birlikdə su istehlakı azalır və bu da dərinin qurumasına səbəb olur. O, gündəlik su istehlakına diqqət etməyi tövsiyə edir.

Erdenin sözlərinə görə, omeqa-3 yağ turşuları ilə zəngin olan balıqların dəri sağlamlığı üçün vacibdir: "Həftədə ən azı iki dəfə balıq istehlak etmək və ya Omeqa-3 əlavələrindən istifadə etmək lazımdır. Nəhayət, günəş şüasına məruz qalmaqdan qaçınılmalı və lazım gəldikdə yüksək qoruyucu faktorlu günəş kremindən istifadə etməlisiniz".