Dietoloq, həkim-endokrinoloq Anton Polyakov suşi və rolların tam dəyərli balıq məhsullarını əvəz edə bilmədiyini açıqlayıb. Foodinfo.az bildirir ki, mütəxəssis bu fikirləri “Veçernyaya Moskva”ya verdiyi açıqlamada səsləndirib. Onun sözlərinə görə, suşi və rolların tərkibi qida dəyəri baxımından balanslı hesab edilə bilməz. Polyakov qeyd edib ki, bu yeməklərin əsas hissəsini düyü təşkil edir.

Az miqdarda yosun, balıq, dəniz məhsulları və ya kürü istifadə olunur. Nəticədə, ümumi tərkibin təxminən 80 faizi karbohidratlar və yağlardan ibarət olur. Yalnız 20 faizə yaxın hissə isə birbaşa dəniz məhsullarının payına düşür. Dietoloq bunun klassik balıq yeməkləri ilə müqayisədə ciddi fərq yaratdığını bildirib. Onun sözlərinə görə, normal bişirilmiş və ya sobada hazırlanmış balıq orqanizm üçün daha faydalıdır.

Mütəxəssis həmçinin vurğulayıb ki, suşi və rollara tez-tez müxtəlif souslar əlavə olunur. Bu souslar yüksək kalori və duz tərkibi ilə seçilir. Bəzi hallarda yeməklərə krem pendirlər və digər əlavə məhsullar da qatılır. Bu isə yeməyin həm kalorisini, həm də yağ miqdarını artırır. Polyakov balanslı qidalanma üçün suşi və rolları əsas deyil, ara-sıra istehlak edilən yemək kimi tövsiyə edib.