Diyetoloq və tibb elmləri doktoru Marqarita Koroleva müntəzəm qidalanmanın sağlam həyat tərzində əsas rol oynadığını bildirib. Foodinfo.az xəbər verir ki, o, bu barədə İctimai Xəbər Xidmətinə verdiyi açıqlamada danışıb.

Korolevanın sözlərinə görə, insanın yemək sayı günün başlanğıc saatına uyğun tənzimlənməlidir. O qeyd edib ki, əgər bir şəxs səhər saat altı və ya yeddi radələrində oyanırsa, gün ərzində altı dəfə qidalanması məqbuldur. Əgər günə saat ondan başlayırsa, dörd əsas yemək kifayət edə bilər.

Mütəxəssis vurğulayıb ki, yeməklər arasında ara müddət təxminən üç-üç yarım saat olmalıdır. Bu fasilələrdə sağlam qəlyanaltılar – meyvə və tərəvəz əsaslı qidalar – üstünlük təşkil etməlidir.

Korolevaya görə, pəhrizdə bu cür rejim həm maddələr mübadiləsini normallaşdırır, həm də aclıq hissinin qarşısını alır. Qidalanma nə qədər sistemli və balanslı olsa, orqanizmin enerji tarazlığı bir o qədər qorunur.