Bu yaxınlarda Dubayda keçirilmiş beşinci Qastronomiya Festivalında dünyanın müxtəlif ölkələrindən ən məşhur aşpazlar iştirak ediblər. Ölkəmizi festivalda tanınmış aşpaz, Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov təmsil edib. Biz ondan səfər barədə təəssüratlarını bölüşməsini xahiş etdik.
- Tahir müəllim, Dubay haqqında fikirlərinizi bilmək istərdik. Əvvəllər bu şəhərdə olmusunuzmu?
- Dubay - bu şəhərdə olmuş insanda zəngin təəssürat yaradan, onun könlünü açan şərq gözəlidir. İnsanlar bu şəhərdən məhəbbətlə, ağızdolusu danışırlar. Dubay öz gözəlliyi ilə məni də məftun etdi. Mən əvvəllər orada olmuşam, lakin sonuncu səfərim əvvəlkilərdən çox fərqlənir ki, bu da şəhər barədə təəssürat formalaşdıran insanlar sayəsindədir. Dubayda 200-dən çox xalq və etnik qrupun nümayəndələri yaşayır. Onlar bu şəhərin gözəlliyi, eləcə də onun rekordları – dünyada ən hündür binaları, ən böyük gül parkı, ən uzun metro xətti və bir çox digər cəhətləri ilə qürur duyurlar.
- Azərbaycanı Dubay Qastronomiya Festivalında hansı qisimdə təmsil etdiniz, yəni ustad dərslərimi keçirdiniz, yeməklərmi hazırladınız, yoxsa auditoriya qarşısındamı çıxış etdiniz?
- Bu dəfə mən Dubay Qastronomiya Festivalında ekspert qismində iştirak etdim. Mən Dubaydan olan həmkarlarımla ünsiyyət qurmaq və təcrübə mübadiləsi aparmaq, yeni dadlı yeməklər kəşf etmək, Azərbaycan və Dubayın kulinariya ənənələrini müqayisə etmək imkanı qazandım.
-Sizcə, Azərbaycan mətbəxinin hansı yeməkləri və xüsusiyyətləri əcnəbilərin daha çox xoşuna gəlir?
- Adətən əcnəbi qonaqlar ən qədim texnologiya ilə bişirilən yeməklərimizin – kabab, plov, dolma, düşbərə, bozartma, lavaş və qutabın, habelə şərbətlərin, mürəbbə, paxlava, şəkərbura və digər şirniyyatların həm təbiiliyinə, həm də qəşəng dadına heyran olurlar.
- Asiya mətbəxi nümunələrindən dadmaq istəməyib, ənənəvi mətbəxə üstünlük verən azərbaycanlı turistlərin diqqətini Dubayda hansı obyektlərə yönəltmək olar?
- Dubayda mətbəx olduqca müxtəlifdir – orada istənilən zövqə və cibə görə nəsə tapmaq olar. Dubay ağzının dadını bilənlər üçün “cənnət”, dünyanın ən yaxşı kulinariya məkanlarından biri, müasir kulinariya Klondaykıdır. Lakin şəxsən mən istənilən ölkədə yerli mətbəxə üstünlük verirəm və Dubaya getməyə hazırlaşanlara da bunu məsləhət görürəm.
“Platinum Heritage”in təşkil etdiyi səhra səyahətində olmağına, əlbəttə, dəyər. Bu zaman əsl bədəvi düşərgəsində əmirlik mətbəxinin orijinal yeməklərini dadmaq mümkündür. Orada ətirli kökələrlə dadlı və doyumlu mərci şorbası hazırlanır. Sonra “Smat Café & Restaurant”da Əbdüləzizin yanına getmək olar. “Dubayın 10 ən yaxşı gizli mirvarisi”nə daxil edilən bu kafedə qonaqlara əmirlik mətbəxinin ənənəvi reseptləri üzrə ən dadlı yeməklər təklif edilir.
- Əmirliklərdə küçə yeməyi mədəniyyəti varmı, əgər varsa, onun hansı növləri sizdə daha çox təəssürat yaradıb?
- Əlbəttə, var, özü də yerli mətbəx ilə küçədə tanış olmaq daha yaxşıdır. Çoxsaylı çadır və kafelər müxtəlif qəlyanaltı və nahar təklif edir. Xüsusən, Qastronomiya Festivalı vaxtı bunları görmək bizə nəsib oldu. Belə ki, küçələrdə həm beynəlxalq brendlərin, həm də kiçik yerli müəssisələrin iştirakı ilə Dubayda yaşayan millətlərin mətbəx nümunələrinin təqdim edildiyi çoxsaylı tədbirlər keçirilirdi. Bu tədbirlərdə həm ənənəvi əmirlik mətbəxinin, həm də 200 digər xalq və etnik qrupların mətbəxinin yeməkləri hazırlanırdı. Bu baxımdan “Beach Canteen”ə getməyi hamıya məsləhət görürəm. Bu, körfəzin sahilində yerləşən açıq səma altında küçə yeməkləri təklif edən çoxsaylı restoranların yerləşdiyi əsas festival meydançasıdır. Orada təkcə maraqlı dequstasiyalar deyil, həm də müxtəlif idman oyunları və bütövlükdə ailə üçün əyləncələr keçirilir. Maraqlı odur ki, festival çərçivəsində səyyar kornerlər də yaxşı təşkil edilmişdi. Onlarda menyu bir o qədər zəngin olmasa da, dadlı və keyfiyyətli qidalar idi.
-Baş aşpaz olaraq siz yəqin ki, müxtəlif ölkələrin çoxsaylı yeməkləri ilə tanışsınız. Dubay mətbəxində ən çox nəyi bəyəndiniz?
-Səfər müddətində dadına baxdığımız bütün yeməklər məndə müsbət təəssüratlar oyatdı. Hər şey yüksək səviyyədə hazırlanmışdı. Lakin mən təbiətən novator olduğumdan, həmişə hesab edirəm ki, daha yaxşısını etmək olar. Ərəb mətbəxində də əldə edilənlərlə kifayətlənməyib, dad mükəmməlliyinə cəhd etməyinə dəyər. Ərəblər hələ VII-X əsrlərdə aşpazlıq kitabları yazıblar. Bu səbəbdən dadlı və həqiqətən də diqqətəlayiq yerli mətbəxi ənənəvi hazırlanma qaydalarını qorumaqla düzgün təqdim etmək vacibdir.
-Dubayda hansı 5 restorana mütləq getmək və orada nəyi dadmaq lazımdır?
-“Four Seasons Dubai Jumeirah Beach” otelinin ərazisində yerləşən “SeaFu” restoranında balıq yeməkləri və karkade (bitki çayı) ilə qızılgül suyundan olan içkinin mütləq dadına baxmalısınız. Yaxşı saxlanmış souslarla hər şey çox təzədir, dadlıdir, üstəgəl xoş ab-hava. Aralıq dənizi mətbəxi burada təkcə klassik variantda deyil, nəzərəçarpan Asiya koloriti ilə də təqdim olunur. Yeməklərin süfrəyə verilməsini və xidməti ayrıca qeyd etmək istəyirəm. Bunların hər ikisi çox yüksək səviyyədə idi. Mən böyük zövq aldım.
Daha sonra məşhur “Bürc Xəlifə” qülləsinin 122-ci mərtəbəsində yerləşən “At.mosphere” restoranına qalxmaq olar. Restoran təkcə aşpazların yüksək səviyyəli mətbəxi ilə deyil, yerləşdiyi məkanla da təəssürat doğurur: dünyanın ən hündür restoranı kimi Ginnessin Rekordlar Kitabına salınıb. Pəncərələrdən Dubaya çox gözəl mənzərə açılır, müəllif mətbəxinin ən dadlı yeməkləri – “Qulançar” qəlyanaltısı və ördəkdən hazırlanmış terrinə heç kim laqeyd qala bilməz.
Sonra siz artıq xatırlatdığım “Smat Café & Restaurant”a gedə bilərsiniz. Ənənəvi əmirlik mətbəxinin reseptləri əsasında hazırlanan yeməklərin təqdim edildiyi bu restoranda yerli harisə və sambusənin dadına baxmaq olar. Sambusə Ramazanda qonaqlara təqdim olunan ərəb kökələridir. İçlik müxtəlif - adətən ətli, tərəvəzli və pendirli olur. Restoranda sambusənin əla görünüşü var idi ki, bu da aşpazın ustadlığını nümayiş etdirir. Axı bu, qədim dini mahiyyəti olan təamlardan biridir ki, nişanlanan zaman bəylərə təqdim olunurdu. Gəlin sambusə hazırlayıb öz sevgilisinə göndərir və təamın adından göründüyü kimi, busəsini ötürürdü.
Harisə (Əl Haris) döyülmüş qarğıdalıdan, ət parçalarından və yağdan hazırlanan qatı şorbanın ərəbcə adıdır. Bu sadə və nəfis yeməyi adətən Ramazanda, toyda, festivallarda süfrəyə verirlər. Adi duzlu dadı, ət və qarğıdalının zəngin ətri gün ərzində fəal işləməyə enerji verir. Bu səbəbdən onu səhər yemək məsləhətdir. Əvvəllər kəndlilər səhər namazından sonra xaş, sonra isə harisə yeyiblər. Bu, onlara gün ərzində ağır işi yerinə yetirməyə güc verib.
Əgər siz daha ekzotik nə isə istəyirsinizsə, o zaman Dubayın ən gizli incilərindən olan “Grub Shack”a baş çəkməlisiniz. Qələbəlik olan bu yerdə siz Qoyan (Koreya), Çin və hind mətbəxinin ləziz təamlarından dada bilərsiniz. Burada çox dadlı, yüksək ustalıqla hazırlanan kral krevetinin dadına baxın. Bu yeməyi cəsarətlə hətta balıq və dəniz məhsullarının iyini xoşlamayanlara da təklif etmək olar. Həmçinin sacda bişirilən, əvvəllər duru yeməklərdə qaşıq əvəzinə istifadə edilən nazik kövrək kökələrin dadına baxa bilərsiniz. Burada vegetarianlar ədviyyatla hazırlanmış sevimli yeməklərini tapa bilərlər.
Əhəmiyyətinə görə deyil, siyahı üzrə sonuncu olan “Mina Brasserie” restoranını qeyd etmək istəyirəm. “Four Seasons Hotel Dubai International Financial Center”də yerləşən bu restoran tanınmış baş aşpaz Makl Minanın tərəfdaşlığı ilə yaradılıb. Orada birmənalı olaraq, Maykl Minanın tunesdən hazırladığı tartarın və zərif, çox dadlı “Klondayk” meyvə desertinin dadına baxmağa dəyər. Tartar ta qədimdən tatar yeməyi olub, hazırda demək olar ki, bütün dünyada hazırlanır. Onun hazırlanmasında əsas məqam inqridiyentlərin təzə olmasıdır. Məhz “Mina Brasserie”dəki kimi: tunes ağızda əriyir. Desertə gəldikdə isə, bu, marinadlaşdırılmış manqo, moruq sorbeti və küncütün ustalıqla seçilmiş ahəngidir. Hamıya bu deserti dadmağı məsləhət görürəm.
-Tahir müəllim, Dubayda ən çox nə xoşunuza gəldi?
-İlk növbədə, insanlar, onların bir-birinə və ətrafdakılara münasibəti çox nəzakətlidir. Ədviyyat bazarını çox bəyəndim, hətta onların arasında özümə yenilərini tapdım, necə istifadə edilməsini bilmək çox maraqlı idi. Bazarın yaxınlığında Dubayın ən qədim nəqliyyatı olan araba ilə gəzdik. Bununla biz canlı tarixi hiss etdik. Axı bir çox dövlətlər strateji mövqeyinə görə bu körfəzi ələ keçirməyə cəhd göstəriblər. Ümumilikdə, Köhnə şəhər özünün koloriti və təkrarolunmaz Şərq ab-havası ilə xoş təsir bağışlayır.
Həmçinin səhrada safari çox yaddaqalan oldu: dəvələrdə və vaxtilə Dubay ordusunun sərəncamında olmuş 1950-ci illərin “Land Rover”lərində gəzinti, səhranın vəhşi təbiəti ilə tanışlıq, şahin (qızılquş) ovunun nümayişi, bütün bunlar yaddaşlarda silinməz izlər qoyur. (AZƏRTAC)