Ət satışı müəssisəsində yalnız baytarlıq-sanitariya ekspertizasından keçmiş ət və ət məhsullarının satışına icazə verilir. Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”na əsasən, müəssisəyə daxil olan və üzərində baytarlıq nişanlanması olmayan heyvan və quş cəmdəkləri və ya müşaiyətedici baytarlıq sənədlərində (ekspertiza aktı, baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi) uyğunsuzluq aşkar edilən ət və ət məhsulları satış üçün qəbul edilməməlidir. 

 Eyni zamanda ət və ət məhsulları su keçirməyən, paslanmayan, asan yuyulan və dezinfeksiya ediləbilən qablarda saxlanmalı və daşınmalıdır. Sub məhsullar (böyrəklər, beyin, ürək, qaraciyər, dalaq və s.) digər ət və ət məhsullarından ayrı soyuducu və dondurucularda saxlanılmalıdır. Bu məhsullar yalnız qablaşdırılmış halda olduqda digər ət və ət məhsulları ilə eyni soyuducuda saxlanıla bilər. Ət və ət məhsullarının satışı zamanı soyuducu vitrinin temperaturu +2 ÷ +6°C, ətin soyudulması və uzun müddətli saxlanması üçün dondurucuların temperaturu isə -2 ÷ 0°C olmalıdır. Təzə ət 0 ÷ +2°C -də 1 sutka, -2 ÷ 0°C -də 16 sutka, -3 ÷ -2°C -də 20 sutkaya qədər saxlanıla bilər. Çiy ətin digər hazır məhsullarla birgə saxlanılmasına isə yol verilmir.

Həmçinin müəssisədə qida təhlükəsizliyi tələblərinə cavab verməyən və yararlılıq müddəti bitmiş ət və ət məhsullarının satışına yol verilmir. Qablaşdırılmış ət məhsulları üzərindəki etiketdə məhsulun istehsalı və son istifadə tarixi və ya yararlılıq müddəti göstərilməlidir. Müəssisədə ət və ət məhsullarının satış üçün davamlı, təmiz, quru, qoxusuz və ətraf mühitə mənfi təsiri az olan alternativ qablaşdırma materiallarından (parça, kağız) və ya qalınlığı 15 mikrondan yuxarı olan plastik torbalardan istifadə olunmalıdır. Satış müddətində donu açıldıqdan sonra təkrar dondurulmuş ət və ət məhsullarının satışı qadağandır. Müəssisədə ət və ət məhsullarından başqa qeyri-ərzaq məhsullarının satışı yolverilməzdir.