Gözəlliyi və gənc görünüşü qorumaq deyildikdə çoxları ilk növbədə kremləri və kosmetik prosedurları düşünür. Halbuki mütəxəssislər bildirirlər ki, orqanizmin cavan qalmasının əsas şərtlərindən biri düzgün qidalanmadır. Foodinfo.az “Sport-express.ru” saytına istinadla xəbər verir ki, qida mütəxəssisi Natalya Çayevskaya gəncləşdirici təsiri olan əsas məhsullar barədə açıqlama verib. Onun sözlərinə görə, gündəlik rasionda bəzi qida qruplarına xüsusi diqqət yetirilməlidir.

Mütəxəssis ilk növbədə sağlam yağların əhəmiyyətini vurğulayıb. Bitki yağları, qoz-fındıq, toxumlar, yağlı balıq və avokado dərinin elastikliyini qoruyur, hormon tarazlığını dəstəkləyir və sinir sisteminin sağlamlığına müsbət təsir göstərir. Bu məhsullar eyni zamanda beyin fəaliyyətinin qorunmasına kömək edir.

Zülalların da gəncliyin saxlanılmasında mühüm rolu olduğu qeyd olunur. Yaş artdıqca əzələ kütləsi və enerji azalır. Ət, balıq, yumurta, paxlalılar və süd məhsulları toxumaların bərpasında, maddələr mübadiləsinin normal işləməsində və sinir sisteminin möhkəmlənməsində iştirak edir.

Çayevskaya tərəvəz və giləmeyvələrin rasionda bol olmasını tövsiyə edib. Yaşıl yarpaqlı tərəvəzlər, kələm, kök tərəvəzlər dərinin vəziyyətini yaxşılaşdırır və həzmi asanlaşdırır. Giləmeyvələr isə hüceyrələri zədələnmədən qoruyan maddələrlə zəngindir və yaşlanma prosesini ləngidir.

Bundan əlavə, turşudulmuş qidaların da faydalı olduğu bildirilib. Bağırsaqların sağlamlığı dərinin vəziyyəti və immunitetlə birbaşa bağlıdır. Kələm turşusu və şəkərsiz qatıq bağırsaq florasını qoruyaraq orqanizmdə iltihab riskini azaldır.