Gündəlik rasionda olan əlavə şəkər sağlamlıq üçün ciddi risk yaradır. Foodinfo.az Sports.kz-ya istinadla xəbər verir ki, diyetoloq Yelena Solomatina şəkərin həddindən artıq qəbulunun təhlükəli nəticələrə səbəb olduğunu bildirib.
Məlumata görə, açıqlama Vesti Podmoskovya nəşrində dərc olunub. Həkim qeyd edib ki, insanlar əsasən enerji əldə etmək üçün şəkər qəbul edirlər. Qlükoza beyin və əzələlər üçün vacib enerji mənbəyidir. Lakin şəkər orqanizmdə yalnız qlükozaya deyil, həm də fruktozaya parçalanır.
Mütəxəssisin sözlərinə görə, fruktoza qaraciyərdə yağa çevrilə bilər və bu da artıq çəkiyə, maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır. Qanda qlükozanın həddindən artıq olması damarların zədələnməsi, böyrək və ürək xəstəlikləri, həmçinin ikinci tip şəkərli diabet riskini artırır.
Həkim vurğulayıb ki, təmiz şəkər olmadan da orqanizm fəaliyyət göstərə bilir. Çünki qlükoza buğda, arpa, düyü, paxlalılar və kartof kimi gündəlik qidalarda mövcuddur. Ona görə də əlavə şəkərin çoxluğu orqanizm üçün zəruri deyil.
Mütəxəssislər bildirirlər ki, şəkərin miqdarına nəzarət etmək sağlam çəkinin qorunmasına və ürək-damar xəstəliklərinin qarşısının alınmasına kömək edir. Şirin qidaların tez-tez və həddindən artıq qəbulu uzunmüddətli fəsadlara yol aça bilər.






