Toyuq əti həm dadlı, həm də az kalorili olması ilə gündəlik qidalanmada geniş istifadə olunur. Mütəxəssislər bildirirlər ki, düzgün seçildikdə və hazırlandıqda bu ət növü orqanizm üçün olduqca faydalıdır.

Foodinfo.az Doctorpiter saytına istinadla xəbər verir ki, həkim Aleksandr Umnov toyuq ətinin hər gün istehlak oluna biləcəyini, lakin bəzi hissələrə qarşı diqqətli yanaşmağın vacib olduğunu bildirib.

Toyuq ətinin faydaları

Toyuq əti A, B, C və H vitaminləri, həmçinin kalium, maqnezium, sink, dəmir və fosforla zəngindir. Daha yağlı hissələr — məsələn, bud — tərkibindəki doymuş turşular sayəsində dərinin elastikliyinə, saç və dırnaqların möhkəmlənməsinə müsbət təsir göstərə bilər.

Həkim qeyd edir ki, digər ət növləri ilə müqayisədə toyuq orqanizmə daha yüngül təsir edir. Qızardılmış mal, donuz və ya qoyun əti isə həddindən artıq qəbul edildikdə iltihabi prosesləri və dərinin vaxtından əvvəl qocalmasını sürətləndirə bilər.

Ən sağlam seçim kimi qaynadılmış, sobada bişirilmiş və ya buğda hazırlanmış toyuq döşü tövsiyə olunur. Dəniz məhsulları ilə birlikdə istehlak edildikdə isə mikro və makroelement balansını qorumağa kömək edir.

Hansı hissələr gündəlik uyğun deyil?

Mütəxəssis xəbərdarlıq edir ki, toyuq subproduktları gündəlik rasiona daxil edilməməlidir. Xüsusilə toyuğun ağciyəri, quyruq hissəsi (guzka) və baş nahiyəsi zərərli maddələr və bakteriyalar toplaya bilər. Bu maddələr yüksək temperaturda belə tam məhv olmaya bilər.

İstisna kimi təzə toyuq qaraciyəri göstərilir. O, mis, B12 vitamini və dəmir baxımından zəngindir. Lakin qaraciyərdə xolesterin miqdarı yüksək olduğundan böyrək xəstəlikləri, mədə xorası və ya qastriti olan şəxslər üçün ehtiyatla istifadə olunmalıdır. Həkim vurğulayır ki, toyuq qaraciyəri üç yaşdan kiçik uşaqlara verilməməlidir.

Bundan əlavə, qaraciyərdə A vitamini çoxdur. Bu vitamin immuniteti gücləndirsə də, həddindən artıq qəbulu başgicəllənmə, ürəkbulanma və digər xoşagəlməz hallara səbəb ola bilər.

Həkim sonda qeyd edir ki, istənilən məhsul faydalı olsa belə, ölçülü istifadə əsas şərtdir. Balanslı və müxtəlif qidalanma sağlamlığın qorunmasının ən doğru yoludur.