Soyuq aylarda orqanizmin vitamin və enerji ehtiyacı artır və bu dövrdə düzgün qidalanma xüsusi əhəmiyyət kəsb edir. Foodinfo.az bildirir ki, tibb eksperti Vera Serjojina qış dövründə rasiona mütləq şəkildə qoz-fındıq və quru meyvə əlavə etməyi tövsiyə edib.

Onun sözlərinə görə, qoz, badam, fındıq, eləcə də əncir, kişmiş və quru ərik kimi məhsullar tərkibində bol miqdarda vitamin, mikroelement və bitki yağları daşıyır. Bu maddələr həm immun sistemini gücləndirir, həm də bədənin enerji balansını qorumağa kömək edir.

Serjojina bildirib ki, qış menyusuna dəniz məhsulları — xüsusilə yağlı balıq və treska qaraciyəri — daxil edilməlidir. Bu məhsullar maddələr mübadiləsini aktivləşdirir və orqanizmin soyuğa adaptasiyasını asanlaşdırır.

Ekspert əlavə edib ki, qida rasionunda ət məhsulları da mütləq yer almalıdır. Onun sözlərinə görə, ənənəvi soyutma (xolodets) yalnız zülal və yağ mənbəyi deyil, həm də kollagen, vitaminlər və bədən üçün vacib böyümə faktorlarının konsentratıdır. Xren və ya xardal ilə birlikdə qəbul edildikdə immunitetin möhkəmlənməsinə, dəri, saç və dırnaqların daha sağlam qalmasına kömək edir.

Digər tərəfdən, Piroqov Universitetinin dosenti Elvira Xaçirova qış aylarında təzə sıxılmış portağal şirəsini “gizli kardioprotektor kokteyli” adlandırıb. O bildirib ki, portağal şirəsindəki antioksidantlar — hesperidin və kversetin — damarların daxili qatının fəaliyyətini yaxşılaşdırır, damarlarda genişlənmə yaradan azot oksidinin sintezini artırır, arterial təzyiqi aşağı salır və damar divarındakı iltihabı azaldır.

Xaçirovanın sözlərinə görə, paketlənmiş şirələr termo-həssas vitaminlərin və flavonoidlərin böyük hissəsini itirdiyi üçün təzə sıxılmış şirə ilə müqayisədə daha az faydalıdır.