Ekstra virgin zeytun yağı damarların oksigenlə təminatını yaxşılaşdıran ən təsirli qidalar sırasında yer alır. Foodinfo.az Sports.kz-yə istinadla xəbər verir ki, bu nəticəyə Afina Kapodistriya Milli Universitetinin alimləri gəlib və araşdırma “Nutrients” jurnalında dərc olunub.

Tədqiqatda lipid profili pozulmuş 50 nəfər və sağlam 20 könüllü iştirak edib. Dörd həftə ərzində bütün iştirakçılar hər gün soyuq sıxma zeytun yağı qəbul ediblər. Alimlər mikrotsirkulyasiya metodundan istifadə edərək qan axınının sürətini, toxumaların oksigenlə doymasını və arterial təzyiqlərdəki dəyişiklikləri izləyiblər.

Məlum olub ki, yüksək xolesterinli insanlarda damar funksiyası əhəmiyyətli dərəcədə yaxşılaşıb: qan toxumalara daha sürətlə qayıdıb, oksigen mübadiləsi yüksəlib. Bununla yanaşı, diastolik təzyiqdə və nəbz tezliyində cüzi düşüş qeyd edilib. Ən güclü təsir polifenol tərkibi yüksək olan yağlarda müşahidə olunub — daha az miqdarda belə qan axınını artırıb və sistolik təzyiqi aşağı salıb.

Polifenollar bitkilərdə geniş yayılmış bioloji aktiv maddələrdir. Onlar bitkiləri xarici təsirlərdən qoruyur və eyni zamanda insan orqanizmində sərbəst radikalları zərərsizləşdirir.

Tədqiqatçılar bildirir ki, nəticələr daha geniş miqyaslı araşdırmalarla təsdiqlənməlidir. Bununla belə, mövcud elmi işlərin çoxu zeytun yağının damar sağlamlığını dəstəklədiyini göstərir.