
Yay aylarının sevimli meyvəsi olan qarpız, yüksək su tərkibi ilə orqanizmi nəmləndirir və toksinlərin xaric olunmasına kömək edir. Foodinfo.az bildirir ki, qarpızda zəngin miqdarda olan likopen güclü antioksidant təsir göstərir, sərbəst radikallarla mübarizə aparır və ürək-damar xəstəlikləri riskini azaldır. Bu maddə xüsusilə prostat sağlamlığı üçün faydalıdır və xərçəng əleyhinə qoruyucu təsiri ilə diqqət çəkir.
Qarpız C vitamini ilə zəngindir ki, bu da immunitet sistemini gücləndirir və dərinin elastikliyini təmin edir. Qarpızın tərkibindəki kalium isə ürək funksiyalarını dəstəkləyir, qan təzyiqini normallaşdırır. Həmçinin qarpız öd və böyrək funksiyalarının yaxşılaşmasına kömək edir, bədəndə su balansını tənzimləyir.
Diyetoloqlar qarpızın iştahanı azaldaraq arıqlama prosesinə dəstək olduğunu bildirir. Lakin həddindən artıq qarpız istehlakı mədə narahatlığı və qıcqırma yarada bilər. Buna görə, qarpız yeyərkən normaya riayət etmək və fərdi xüsusiyyətləri nəzərə almaq vacibdir.